Torpaqşünaslıq, ekologiya, botanika, ümumi əkinçilik və təbiəti mühafizə üzrə görkəmli alim, kənd təsərrüfatı elmləri doktoru, professor, akademik (1952), əməkdar elm xadimi (1977), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1978) Həsən Əlirza oğlu Əliyev Azərbaycan Elmlər Akademiyası Torpaqşünaslıq və Aqrokimya İnstitutunda elmi işlər üzrə direktor müavini və Azərbaycan Pedaqoji İnstitutunda baş müəllim (1944-1949), Azərbaycan EA Botanika İnstitutunun direktoru (1949-1952) vəzifələrində çalışmış, Azərbaycan Kənd Təsərrüfatı Nazirinin birinci müavini və Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi (1952), Azərbaycan EA-nın akademik katibi (1952-1957), Torpaqşünaslıq və Aqrokimya İnstitutunda laboratoriya müdiri (1957-1967) olmuşdur. 1968-ci ildən ömrünün sonuna qədər hazırda onun adını daşıyan Azərbaycan EA Coğrafiya İnstitutunun direktoru vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Təbiəti Mühafizə Komitəsinin yaradıcısı və cəmiyyətinin sədri və Azərbaycan Coğrafiya Cəmiyyətinin prezidenti (1975-1990), coğrafiya elmləri üzrə bir sıra problem şuralarının sədri və üzvü, “Azərbaycan təbiəti” məcmuəsinin baş redaktoru (1975-ci ildən), Azərbaycan SSR Ali     Sovetinin (10-11-ci çağırış) deputatı olmuşdur.
     H.Ə.Əliyev meşə torpaqlarının coğrafiyası, Respublika torpaq xəritəsinin və Azərbaycanda Beynəlxalq Bioloji Proqramın hazırlanmasına böyük töhvə vermişdir. Onun təbiətin və ətraf mühitin qorunması üzrə “Həyəcan təbili” monoqrafiyası (1976, 1982) bu gün də aktualdır. H.Ə.Əliyev həmçinin “Pirsaat düzünün torpaqları və perspektivi” (1940), “Почвы низовый рек юго-восточного склона Большого Кавказа” (1948), “Почвы Азербайжанской ССР” (1953), “Коричневые лесные почвы” (1965), “Прикуринские тугайные леса Азербайджана” (1975), “Почвы Большого Кавказа” (1979) və s. əsərlərin müəllifidir.