Tanınmış botanik, professor, Qafqaz florasının tədqiqatçısı Leonid İvanoviç Prilipko tələbəlik illərindən Azərbaycan otlaqlarının tədqiqinə həsr edilmiş ekspedisiyalarda iştirak etmişdir. Onun 1929-cu ildə A.A.Qrossheymlə həmmüəlliflikdə çap olunmuş ilk elmi əsəri də Qarabağın çöl bitkilərinin tədqiqinə həsr edilmişdi.
     L.İ.Prilipko 1932-ci ildə SSRİ EA-nın Zaqafqaziya filialının Azərbaycan şöbəsinin botanika bölməsi fəaliyyətə başladığı ilk gündən 40 il ərzində Geobotanika şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Onun uzunmüddətli tədqiqatlarının nəticələri kimi 130 elmi əsəri Azərbaycan florası, bitki örtüyü və bitki ehtiyatlarına həsr edilmişdir. O, Azərbaycan bitki örtüyünün xəritəsini hazırlamış (1965) və Respublikanın geobotaniki rayonlaşdırılmasını işləyib hazırlamışdır. L.İ.Prilipko 8 cildli “Azərbaycan florası” üçün 51 fəsiləyə aid olan 200 cins işləyib hazırlamışdır və «Растительность Кавказа»; «Дендрофлора Кавказа»; «Деревья и кустарники Азербайджана»; «Лекарственные растения Азербайджана» (1972 və 1982); «Атлас ареалов и ресурсов лекарственных растений СССР» (1976) və s. kimi dəyərli əsərlərin hazırlanmasında iştirak etmişdir. O, Qafqaz florası üçün bir sıra yeni taksonlar təsvir etmişdir və bəzi yeni bitki növləri onun şərəfinə adlandırılmışdır: Allium leonidii Grossh., Astragalus prilipkoanus Grossh., Salvia prilipkoana Grossh. et Sosn., Iris prilipkoana Kem.-Nath., Tilia prilipkoana Grossh. et J. Wagner və s.
     L.İ.Prilipkonun rəhbərliyi altında 30 elmlər namizədi hazırlanmışdır. O, Ümumittifaq Botanika Cəmiyyətinin, SSRİ Coğrafiya Cəmiyyətinin və SSRİ Botanika Bağları Şurasının üzvü olmuşdur.