Akademik Valeriy İvanoviç Ulyanişev 1927-ci ildən Azərbaycanda elmi fəaliyyətə başlamış, Zaqafqaziya Xalq Komissarlığının Bitkilərin mühafizəsi şöbəsində Fitopotalogiya laboratoriyası yaratmış və ona rəhbərlik etmişdir. 1928-1931-ci illərdə o, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda, 1946-1956-ci illərdə isə Azərbaycan Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 1937-ci ildən Azərbaycan Elmlər Akademiyası Botanika İnstitutunun İbtidai bitkilərin sistematikası şöbəsinə rəhbərlik etmişdir.
     O, 1941-ci ildə namizədlik, 1952-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmiş, həmin ildə professor elmi adını almışdır. 1974-cü ildə ona Azərbaycan SSRİ-nin əməkdar elm xadimi adı verilmişdir.
     V.İ.Ulyanişevin elmi tədqiqatları mikologiyaya həsr edilmişdir. O, Azərbaycanda göbələk növlərinin yayılması ilə yanaşı, onların ekologiyasına və mikofloranın coğrafi analizinə geniş diqqət ayırmışdır. Onun tərəfindən Respublikada ilk dəfə olaraq parazit göbələklər öyrənilmiş və bitki xəstəlikləri ilə mübarizə tədbirləri işlənib hazırlanmışdır.
     V.İ.Ulyanişev 4 cildlik “Azərbaycan mikoflorası” kitabının müəllifidir. 1968-1978-ci illərdə onun “SSRİ sürmə göbələklərinin təyinedicisi”, “SSRİ pas göbələklərinin təyinedicisi” (V.F.Kupreviçlə birlikdə) kitabları nəşr edilmişdir. O, “Zaqafqaziya göbələklərinin təyinedicisi”nin baş redaktorudur.
     V.İ.Ulyanişev 1963-1972-ci illlərdə bitki mühafizəsi üzrə elmi-tədqiqat işlərinin koordinasiyası üzrə Zaqafqaziya şurasının sədri, 1964-ci ildən isə analoji Ümumittifaq şurasının üzvü olmuşdur. 1964-1974-cü illlərdə Ümumittifaq Botanika Cəmiyyətinin Azərbaycan bölməsinin sədr müavini kimi çalışmışdır.
     V.İ.Ulyanişevin rəhbərliyi altında 20 elmlər namizədi və 2 elmlər doktoru yetişmişdir.