Arxiv
Gorkəmli alim Eldar Novruzovun 75 illik yubileyi qeyd olunur
30.05.2017

ƏZIZ VƏ HÖRMƏTLI ELDAR MÜƏLLIM!

     Sizi 75-illik əlamətdar yubiley tarixinə qədəm qoymanız münasibətilə səmimi qəlbdən təbrik edir, can sağlığı, uzun ömür, yorulmaq bilmədən çalışdığınız zəngin və çoxşaxəli elmi-təşkilati və pedaqoji fəaliyyətinizdə uğurlar arzulayırıq!  

     Hörmətli Eldar müəllim! İnstitutun elmi işlər üzrə direktor müavini, Elmi və Dissertasiya Şuralarının üzvü, İnstitutun nəzdində fəaliyyət göstərən Seminar Şurasının sədri, həmçinin “Bitki ehtiyatları” kimi böyük bir şöbənin rəhbəri olaraq zəngin və çöxşaxəli fəaliyyət spektrinə malik olmanız Sizin işgüzarlığınız, yüksək elmi potensialınız, istedadınız, məqsədyönlü mövqeyiniz və çalışqanlılıq əzminizdən irəli gəlmişdir. Biz həmçinin Sizi elmi və digər tədbirlərdə obyektiv fikir söyləməyi bacaran aydın düçüncə tərzli, diqqətcil, təmkinli ziyalı və tələbkar olduğunuz qədər də rəhmli və təvazökar bir insan kimi tanıyırıq. Bu keyfiyyətlər Sizin 1970-ci ildən hazırkı vaxta qədər əmək fəaliyyətinizin yarım əsrə qədər tarixi bir dövrünü fasiləsiz olaraq elmə bağladığınız Botanika İnstitutunun nüfuzlu simalarından birinə çevrilmənizə və hamının heyrət və rəğbətini qazanmanıza təkan vermişdir.

     Azərbaycan florasında yayılmış 550-dən çox bitki növlərinin tədqiqinə və əksəriyyətinin ilk müəllifi olaraq fitokimya, biokimya, biotexnologiya və bitki ehtiyatşunaslığının nəzəri və təcrübi əhəmiyyət kəsb edən problemlərinin həllinə həsr edilmiş tədqiqatlarınız bu sahədə yeni istiqamət olub, faydalı bitkilərin müəyyən edilməsində, onların geniş spektr təhlilində böyük əhəmiyyətə malikdir. Məhsuldar elmi yaradıcılığınız elm aləminin diqqətini cəlb edən 200-ə yaxın əsər, o cümlədən 1 monoqrafiya, 17 müəlliflik şəhadətnaməsi, bir sıra Texniki Şərt və Texnoloji İnstruksiyalarda öz əksini tapmış, eləcə də nüfuzlu beynəlxalq konfrans və simpoziumlarda təqdim olunmuşdur.

     Sizi bir daha bu tarixi gün münasibətilə səmimi qəlbdən təbrik edir, həyatınıza sevinc gətirən hadisələr, xoşbəxtlik, səadət arzulayırıq! Biz həmçinin Sizin kimi alicənab, yüksək səviyyəli alim və qayğıkeş insanın müasiri olduğumuzdan böyük fərəh və məmnunluq hissi keçirdiyimizi bildirir, məşğul olduğunuz sahə üzrə yeni ideyalarınızın həyata keçməsində və son dərəcə məsuliyyətli və çoxşaxəli vəzifələrinizin icrasında Sizə səbr, tükənməz enerji və elmi-təşkilati, pedaqoji fəaliyyətinizdə yeni-yeni nailiyyətlər əldə etmənizi diləyirik!