Arxiv
Dövlət təltiflərinin hazırlanmasının sifariş edilməsi və maliyyələşdirilməsi Qaydası
06.02.2018

Azərbaycan Respublikası Prezidentinin
2018-ci il 5 fevral tarixli
Fərmanı ilə təsdiq edilmişdir

1. Ümumi müddəa

Bu Qayda dövlət orqanları, Azərbaycan Milli Elmlər Akademiyası, dövlət adından yaradılan publik hüquqi şəxslər və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, habelə qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) (bundan sonra – Sifarişçi) tərəfindən Azərbaycan Respublikasının dövlət təltiflərinin (orden və medalların) və onların vəsiqələrinin, Azərbaycan Respublikasının fəxri adlarının vəsiqələri və döş nişanlarının, Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatının diplomunun, döş nişanının və həmin nişanın vəsiqəsinin, Azərbaycan Respublikası Prezidentinin fəxri diplomunun, Gənclər üçün Prezident Mükafatının diplomunun, döş nişanının və həmin nişanın vəsiqəsinin, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatının diplomunun və fəxri döş nişanının (bundan sonra – Təltiflər) və təltifləri qablaşdırma vasitələrinin hazırlanmasının sifariş edilməsi və maliyyələşdirilməsi qaydasını müəyyən edir.

2. Təltiflərin hazırlanmasının sifariş edilməsi

2.1. Sifarişçi hər növbəti il üçün aidiyyəti sahə üzrə təklif etdiyi təltiflərinin sayı və növü barədə məlumatları cari il mayın 1-dək Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına (bundan sonra – Administrasiya) təqdim edir.

2.2. Administrasiya Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, təltiflərin təklif etdiyi sayı və növü barədə məlumatları növbəti büdcə ilində təltiflərin və təltifləri qablaşdırma vasitələrinin maliyyələşdirilməsinə tələb olunan vəsaitin hesablanması üçün Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinə (bundan sonra – İşlər İdarəsi) göndərir.

3. Təltiflərin hazırlanmasının maliyyə təminatı

3.1. İşlər İdarəsi təltiflərin və təltifləri qablaşdırma vasitələrinin dəyərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edir və növbəti büdcə ilində onların hazırlanmasının maliyyələşdirilməsi üçün vəsaitin proqnozlaşdırılması ilə bağlı təkliflərini (təltiflərin və təltifləri qablaşdırma vasitələrinin növü, sayı, dəyəri və hər növ üzrə mövcud anbar qalığı göstərilməklə) “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 11.8-ci maddəsinə əsasən cari il iyulun 1-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edir.

3.2. İşlər İdarəsi bu Qaydanın 3.1-ci bəndinə uyğun olaraq təkliflərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etdikdən sonra Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tələb olunan vəsaitin dövlət büdcəsində proqnozlaşdırılması üçün tədbirlər görür.

4. Təltiflərin hazırlanmasının maliyyələşdirilməsi

4.1. İşlər İdarəsi təltiflərin və təltifləri qablaşdırma vasitələrinin hazırlanması məqsədilə, onların növü, sayı, dəyəri və hər növ üzrə mövcud anbar qalığı nəzərə alınmaqla, dövlət büdcəsində nəzərdə tutulmuş vəsait çərçivəsində “Azərsuvenir” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müqavilə bağlayır.

4.2. İşlər İdarəsi “Azərsuvenir” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmış müqavilə şərtlərinə əsasən, büdcənin iqtisadi və funksional təsnifatları üzrə müvafiq sifarişlərini, məxaric cədvəllərini və maliyyələşdirmə sənədlərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edir.

4.3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi İşlər İdarəsindən daxil olmuş sifarişlər əsasında müvafiq büdcə təsnifatına uyğun olaraq təsdiq edilmiş büdcə ayırmaları həddində maliyyələşdirməni həyata keçirir.

4.4. İşlər İdarəsi təltiflərin və təltifləri qablaşdırma vasitələrinin hazırlanması və Sifarişçiyə təhvil verilməsi barədə ildə iki dəfə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla müəyyən olunmuş formada, Administrasiyaya və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə məlumat verir.

5. Keçid müddəalar

5.1. İşlər İdarəsi 2018-ci il üçün təltiflərin və təltifləri qablaşdırma vasitələrinin dəyərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edir və onların növü, sayı, dəyəri və hər növ üzrə mövcud anbar qalığı göstərilməklə, həmin il üzrə maliyyələşdirilməsi ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edir.

5.2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi İşlər İdarəsindən daxil olmuş sifarişlər əsasında təltiflərin və təltifləri qablaşdırma vasitələrinin hazırlanmasının maliyyələşdirilməsini Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi hesabına həyata keçirir.

science.gov.az