Arxiv
AMEA-da dissertasiya mövzularının seçilməsinə diqqət artırılır
15.03.2018

     Martın 14-də AMEA-nın Əsas binasında Akademiyada 2017/18-ci tədris ili üçün elmlər doktoru pilləsi üzrə doktoranturaya qəbul ilə bağlı iclas keçirilib.

     Tədbirdə AMEA-nın bölmələrinin elmi katibləri, institut direktorları, təhsil şöbələrinin müdirləri, elmlər doktoru pilləsi üzrə namizəd doktorantlar və onların məsləhətçiləri iştirak edirdilər.

     İclasda çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə elmlər doktoru pilləsi üzrə doktoranturaya qəbula dair müəyyənləşdirilmiş mövzuların dünya elminin tələblərinə cavab verməsinin vacibliyini vurğulayıb.“Gənc alimlər prioritet elmi istiqamətlərdə tədqiqatlar aparmalıdır”, – deyə bildirən alimonların dünya elminə inteqrasiyasının, əldə etdikləri mühüm elmi nəticələrin nüfuzlu beynəlxalq nəşrlərdə çap edilməsinin zəruriliyini önə çəkib.

     A.Əlizadə AMEA-nın əsas hədəflərindən birinin də gənclərin elmi və təşkilati fəaliyyətinə dəstək vermək, onları yüksəkixtisaslı peşəkar kadr kimi  yetişdirməkdən ibarət olduğunu qeyd edib. Son zamanlar elm və təhsilin inteqrasiyasının sürətləndiyini deyən AMEA rəhbəri gənc tədqiqatçıları bu prosesdə fəal iştirak etməyə çağırıb, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

      Sonra AMEA-nın elmi bölmələri üzrə doktoranturaya qəbul olunmuş 37 tədqiqatçının mövzusu ətrafında müzakirələr aparılıb, doktorantlara gələcəkdə müvafiq elmi sahələrin perspektiv inkişafı üçün əhəmiyyətli mövzulara üstünlük vermələri tövsiyə edilib.

Müzakirələrdən sonra bəzilərində dəyişiklik edilməklə doktorantların mövzuları təsdiq edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.