Arxiv
Botanika İnstitutunun gənc mütəxəssisi dissertasiya işini uğurla müdafiə edib
04.12.2018

     23 noyabr 2018-ci il tarixində AMEA Botanika İnstitutunun Mikologiya laboratoriyasının elmi işçisi Lamiyə Abbasova “Mikologiya” ixtisasından biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Azərbaycanda Erysiphales sırası göbələklərinin növ müxtəlifliyi, taksonomiyası və onların sahib bitkiləri” mövzusunda dissertasiya işini uğurla müdafiə etmişdir. Gənc alim dissertasiya işini AMEA-nın Botanika İnstitutunun Mikologiya laboratoriyasında və Yaponiyanın Mie Universitetinin Patologiya laboratoriyasında yerinə  yetirmişdir.

     Aparılan tədqiqatlarda ölkədə yayılmış unlu şeh göbələklərinin növ tərkibi, filogeniyası, coğrafi və mövsümi yayılması və onların parazitlik etdiyi çiçəkli bitkilər tədqiq edilmiş, Azərbaycanda Erysiphales sırasına aid 10 cinsə 134 unlu şeh göbələyi və bu göbələklərin ölkədə 420 növ örtülütoxumlu bitki üzərində parazitlik etməsi müəyyən edilmişdir.

     İlk dəfə Castanea sativa Mill. üzərində elm üçün yeni Erysiphe azerbaijanica Abasova, Aghayeva & Takamatsu göbələyi aşkar edilmişdir. Tədqiqat zamanı səkkiz yeni unlu şeh göbələyinin (Erysiphe arcuata U.Braun, S.Takam. & Heluta, E. berberidis DC. var. asiatica (U.Braun) U.Braun & S.Takam., E. corylacearum U.Braun & S.Takam., E. quercicola S.Takam. & U.Braun, E. syringae-japonicae (U.Braun) U.Braun & S.Takam., E. viciae-unijugae (Homma) U.Braun) Azərbaycanda ilk dəfə yayılması qeydə alınmışdır. İlk dəfə olaraq, E. quercicola göbələyi üçün Castanea sativa, E. viciae-unijugae üçün Lathyrus odorathus L., E. berberidis var. asiatica üçün Berberis vulgaris L., E. arcuata üçün Carpinus orientalis Mill., Golovinomyces spadiceus (Berk. & M.A.Curtis) U.Braun üçün Polygonum alpinum All., G. magnicellulatus var. Magnicellulatus (U.Braun) Heluta üçün Alcea rosea L. dünyada yeni sahib bitkilər olaraq aşkar edilmişdir.

     Tədqiqat işində istifadə edilmiş yeni herbari materialları AMEA Botanika İnstitutunun (BAK), eləcə də Mie Universitetinin mikoloji herbarisinə (TSU-MUMH), DNT ardıcıllıqları Yaponiyanın DNT məlumat bazasına (DDBJ) və yeni növün statusunu təsdiqləyən sənədlər MycoBank internet portalına depozit edilmişdir ki, bu da nümunələrin digər tədqiqatçılar tərəfindən istifadə imkanını təmin edəcəkdir.