Azərbaycan Milli Elmlər Akademiyası Türkiyənin elm və təhsil müəssisələri ilə elmi əlaqələrini genişləndirir.
Bu məqsədlə, AMEA-nın Rəyasət Heyəti aparatının Beynəlxalq elmi əməkdaşlıq şöbəsinin müdiri, dosent Esmira Əlirzayeva və şöbənin baş mütəxəssisi Məlahət Qurbanova Ankara şəhərində görüşlər keçiriblər.
AMEA ilə Türkiyə Elmi və Texnoloji Araşdırmalar Şurası (TÜBİTAK) arasında 2013-cü ildə imzalanmış “Azərbaycan Milli Elmlər Akademiyası və Türkiyə Elmi və Texnoloji Araşdırmalar Şurası arasında elm və texnologiya sahəsində əməkdaşlıq haqqında Protokol” çərçivəsində daha bir əhəmiyyətli addım atılıb. TÜBİTAK-ın ekspertlər bazasının (PYS) AMEA-nın istifadəsi üçün açılması üzrə razılıq əldə edilib və TÜBİTAK-ın müvafiq qrupu tərəfindən Məlahət Qurbanovaya PYS-dən istifadə üzrə təlim keçirilib.
TÜBİTAK-ın fəaliyyət istiqamətləri, strukturu, layihələrin idarə olunması və dəstək proqramları, nəşr fəaliyyəti üzrə təcrübəsinin öyrənilməsi məqsədilə Esmira Əlirzayeva TÜBİTAK-ın müvafiq qurumları ilə bir neçə görüşdə iştirak edib.
Qurumun Beynəlxalq əlaqələr idarəsinin əməkdaşları ilə görüş zamanı TÜBİTAK tərəfindən 2010-2021-ci illər ərzində tədqiqat və inkişaf layihələri üçün nəzərdə tutulmuş müsabiqələri, onlara ayrılan dəstək proqramları, bu proqramlarda dövlət və özəl təşkilatların rolu haqqında ətraflı məlumat verilib. Qeyd edilib ki, TÜBİTAK 60-dan çox ölkənin 90-dan çox qurumu ilə əməkdaşlıq edir və bu istiqamətdə Azərbaycan alimləri ilə əməkdaşlıq xüsusi yer alır. Həmçinin AMEA ilə həyata keçirilmiş 3 layihə müsabiqəsinin nəticələrinin əhəmiyyəti vurğulanıb. Görüş zamanı TÜBİTAK-ın sturkturu və tədqiqat müəssisələri, onların fəaliyyət istiqamətləri, son illər tədqiqat və inkişaf üzrə əldə edilmiş uğurları diqqətə çatdırılıb, AMEA ilə TÜBİTAK-ın müvafiq elmi müəssisələrinin müştərək fəaliyyətini genişləndirmək məqsədilə fiziki və onlayn görüşlərin keçirilməsi üzrə razılıq əldə edilib. TÜBİTAK təfərindən, həmçinin Texnoloji və Yenilik Dəstək Proqramları (TYDEB) və Araşdırma Dəstək Proqramları (ARDEB), onların çərçivəsində sənaye, elm-sənaye və fundamental tədqiqatlar üzrə qrup və fərdi fəaliyyət üçün nəzərdə tutulan proqramlar haqqında məlumat verilib.
Türkiyənin Avropa Komissiyasının Horizon proqramları çərçivəsində fəaliyyətini həyata keçirən TÜBİTAK-ın Beynəlxalq əlaqələr idarəsinin məsul şəxsləri ilə bu proqramda iştirak üzrə təcrübə, uğurlar və problemlərin həlli istiqamətində geniş müzakirələr və təcrübə bölgüsü aparılıb, 2 ölkənin milli əlaqələndiriciləri arasında əməkdaşlıq əlaqələrinin qurulması müzakirə edilib.
Bundan əlavə, TÜBİTAK-ın Türkiyə Akademik Şəbəkə və İnformasiya Mərkəzində (ULAKBİM) E.Əlirzayeva ilə görüş keçirilib. Görüş zamanı Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının “Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması ilə əlaqədar 2022-ci il üzrə Yol Xəritəsi”ndə nəzərdə tutulan tədbirlər müzakirə edilib, bu istiqamətdə ULAKBİM-in təcrübəsi, əldə edilmiş uğurlar və perspektivlər müzakirə edilib. Ətraflı müzakirələr üçün Azərbaycanın müvafiq qurumları ilə görüşlərin keçirilməsi üzrə razılıq əldə edilib.
Səfər çərçivəsində E.Əlirzayeva Orta Doğu Teknik Univeristeti (ODTÜ) və Qazi Universitetində görüşlər keçirib, AMEA-nın elmi fəaliyyəti, son illər əldə edilmiş nailiyyətlər, beynəlxalq əlaqələri, müştərək layihələr haqqında məlumat verib. Öz növbəsində, Türkiyənin ən güclü tədqiqat universitetlərindən olan ODTÜ tərəfindən elmi nailiyyətlər, texnologiyaların tətbiqi, mükəmməllik mərkəzləri üzrə təcrübə diqqətə çatdırılıb, AMEA ilə müştərək tədqiqatlar üzrə müzakirələr aparılıb.
Qazi Universitetinin Elektrik-Elektronik Mühəndisliyi Bölümündə keçirilən görüşdə universitetin əməkdaşları tərəfindən alternativ, yenilənə bilən enerji, müxtəlif mənşəli tullantılardan alınan enerji, ətraf mühit çirklənməsi, bioqaz və s. kimi prioritet istiqamətlərdə aparılan tədqiqatlar, onların tətbiq sahələri haqqında ətraflı məlumat verilib, AMEA ilə həyata keçirilən uğurlu əməkdaşlıq diqqətə çatdırılıb və qeyd edilən istiqamətlərdə əməkdaşlıq imkanlarının genişləndirilməsi və beynəlxalq proqramlar çərçivəsində müştərək layihələrin həyata keçirilməsi üzrə geniş müzakirələr aparılıb.