AR ETN Botanika İnstitutunun Təhsil şöbəsinin müdiri b.ü.f.d. Kəmalə Əsədova və Geobotanika şöbəsinin əməkdaşları b.ü.f.d. Rəna Abdıyeva, b.ü.f.d. Nigar Mürsəl qızı tərəfindən Qazax rayonunun ərazisində çöl-tədqiqat işləri aparılıb.
Ekspedisiya “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair 2017-2020-ci illər üçün Milli Strategiya”ya uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamının icra vəziyyətinin araşdırılması məqsədilə aparılmışdır.
Tədqiqatın məqsədi floraya yad mənşəli invaziv növlərin sayının və populyasiyalarının öyrənilməsi, rayonda zonallıq təşkil edən formasiyaların təyini, rayon ərazisində yad mənşəli növlərin qeydiyatının aparılması və Qarayazı Dövlət Təbiət Qoruğunda və digər meşə massivlərində bu növlərin mövcudluğunun öyrənilməsi olub. Elmi tədqiqat işi rayonun Daş Salaxlı, Şıxlı, Muğanlı, Köçvəli, Poylu, Saloğlu, Soyuqbulaq, Böyükkəsik, Sadıqlı, Şəkərli, Ağköynək, Damcılı ərazilərini əhatə edib. Rayonun relyefi səthi, əsasən düzənlikdir. Tərəfimizdən aparılan müşahidələr nəticəsində məlum olmuşdur ki, rayonun dağlıq ərazisində - ağcaqayın, palıd üstünlüyü ilə enliyarpaq dağ meşələri, dağətəyi ərazilərdə qaratikan, düzən sahələrdə isə yovşan, şoran, yovşanlı-şoran, efemerli səhra və yarımsəhralar, o cümlədən yulqun formasiyaları zonallıq təşkil edir.
Kür çayı boyu (o cümlədən Qarayazı Dövlət Təbiət Qoruğu) və onun ətrafında yerləşən düzən, tuqay meşələrində hazırda əsas meşə əmələ gətirən ağaclar uzunsaplaq palıd, ağyarpaq qovaq və yemişan çoxluq təşkil edirlər. Bunlardan başqa qarağac, yabanı alça, armud, alma, əzgil, qafqaz xurması, dəvədabanı, adi zirinc, adi birgöz, böyürtkən, kol ilanlar, mərəvcə, Qırmızı Kitab növü olan yabanı meşəüzümü və daş sarmaşığı qeydə alınıb. Otlardan gürcü güləvəri zonallıq təşkil edir. O, rayonun həm antropogen təsirə məruz qalmış ərazilərində, həm təbii sahələrində 4-5 bal bolluqla rast gəlinir. Tədqiqat apardığımız ərazidə 12 yad mənşəli növ qeyd olunub. Bunlardan hazırda 3 növ - transformer, yəni təbii bitki landşaftını dəyişən növlərdir.
Ekspedisiyanın yerinə yetirilməsində göstərdiyi diqqətə və köməkliyə görə Qazax rayonunun İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşova dərin minnətdarlığımızı bildiririk.