Arxiv
Biologiya və Tibb Elmləri Bölməsinin Ümumi yığıncağında elmi-tədqiqat müəssisələrinin illik hesabatları müzakirə edilib
25.12.2023

AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) hibrid formatda təşkil edilmiş Ümumi yığıncağında Bölmə tərəfindən əhatə edilən 8 institutun 2023-cü ildəki elmi və elmi-təşkilati fəaliyyətinin mühüm nəticələrinin müzakirələri aparılıb.

İclasda Bölmənin üzvləri, institutların rəhbər şəxsləri, şöbə və laboratoriya müdirləri, aparıcı alimləri, mühüm elmi nəticələrin müəllifləri, universitetlərin nümayəndələri, Türkiyə Respublikasından gəlmiş alim və başqaları iştirak ediblər. Regionlardan akademik Tariyel Talıbov, AMEA-nın müxbir üzvləri İbrahim Cəfərov və Vaqif Novruzov iclasa Zoom platformasından onlayn şəkildə qoşulublar.

İclası açıq elan edən AMEA-nın vitse-prezidenti, BTEB-in Elmi şurasının sədri, akademik İradə Hüseynova 2023-cü il ərzində “Heydər Əliyev İli” ilə əlaqədar geniş miqyaslı tədbirlər planının tam şəkildə həyata keçirildiyini qeyd edib. Bu fəaliyyətlərdə fərqləndiklərinə görə, akademik İradə Hüseynova, AR ETN Botanika İnstitutunun baş direktoru, biologiya elmləri doktoru, professor Səyyarə İbadullayeva və AR ETN Zoologiya İnstitutunun direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Ələddin Eyvazov AMEA-nın Təşəkkürnaməsi ilə təltif olunublar. Sonra akademik İradə Hüseynova Azərbaycan elminin inkişafı istiqamətində həyata keçirilən islahatlara toxunub, gün ərzində 8 institutun 2023-cü ildəki elmi və elmi-təşkilati fəaliyyətinin mühüm nəticələri ilə bağlı hesabat məruzələrinin müzakirə ediləcəyini bildirib.

Sonra dinlənilən hesabat məruzələrində Botanika (biologiya elmləri doktoru, professor Səyyarə İbadullayeva), Genetik Ehtiyatlar (AMEA-nın müxbir üzvü Zeynal Əkpərov), Mikrobiologiya (AMEA-nın müxbir üzvü Pənah Muradov), Zoologiya (aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Ələddin Eyvazov), Torpaqşünaslıq və Aqrokimya (AMEA-nın müxbir üzvü Əlövsət Quliyev), Dendrologiya (biologiya üzrə fəlsəfə doktoru Minarə Həsənova), Akademik Abdulla Qarayev adına Fiziologiya (fizika-riyaziyyat elmləri doktoru, professor Əhməd Hacıyev), Molekulyar Biologiya və Biotexnologiyalar (akademik İradə Hüseynova) institutlarının 2023-cü il üzrə elmi və elmi-təşkilati fəaliyyəti, əldə edilmiş nailiyyətlər, Azərbaycan Respublikası Prezidentinin Fərman və sərəncamlarından, Nazirlər Kabinetinin qərar və sərəncamlarından irəli gələn və Dövlət proqramlarına uyğun tapşırıqların icrası, kadr hazırlığı, nəşriyyat fəaliyyəti, qrant layihə və proqramlarında iştirak, tətbiq məsələləri, həmçinin mövcud problemlər və perspektiv planlar haqqında ətraflı məlumat verilib. Qeyd edilib ki, institutlarda Bölmənin elmi istiqamətləri üzrə əsaslı tədqiqat işləri il ərzində daha da dərinləşdirilib, əldə edilmiş mühüm fundamental və tətbiqi nailiyyətlər nüfuzlu beynəlxalq, o cümlədən “Web of Science”, “Scopus” kimi elmi bazalarda indeksləşən yüksək impakt faktorlu jurnallarda, monoqrafiya və kitablarda, kitab fəsillərində nəşr olunub.

AR ETN Botanika İnstitutunun hesabat məruzəsində Azərbaycan florasının, nadir və itmək təhlükəsində olan bitki müxtəlifliyinin öyrənilmə vəziyyəti, müvafiq məlumat bazaları, müvafiq sahələrdə daxili və beynəlxalq əməkdaşlıq əlaqələri geniş yer tutub. Professor Səyyarə İbadullayeva hesabat ilində “Qırmızı kitab”ın 3-cü nəşrinin işıq üzü gördüyünə diqqət çəkib və institut əməkdaşları tərəfindən nəşrin floraya aid hissəsi, eləcə də mövzu planları ilə bağlı çoxsaylı ekspedisiyaların gerçəkləşdirildiyini bildirib. Professor qeyd edib ki, “Qırmızı kitab”ın 3-cü nəşrinə flora üzrə 462 növ daxil olunub, o cümlədən Qarabağ florası da əhatə edilib.

AR ETN Genetik Ehtiyatlar İnstitutunun hesabat məruzəsi əsasən milli bitki genefondunun öyrənilməsi, mühafizəsi və səmərəli istifadəsi və insan genetikası üzrə tədqiqatlarda alınmış mühüm nəticələrin və kadr hazırlığının, beynəlxalq əməkdaşlıq əlaqələrinin şərhinə həsr olunub.

AMEA-nın müxbir üzvü Zeynal Əkpərov institutda özək kolleksiyaların və yeni bitki sortlarının yaradılması, toxumçuluğu, genetik ehtiyatların Mərkəzi Məlumat Bazası və s. üzrə əldə edilmiş nailiyyətlər, genbank fəaliyyətləri, “Web of Science” və “Scopus” bazalarında nəşrolunma, tətbiq məsələləri, Qarabağ Elmi Tədqiqat Bazasının bərpası və orada aparılan tədqiqatlara xüsusi diqqət yetirib.

Akademik İradə Hüseynova növbəti məruzənin təqdim edilməsi üçün sözü Mikrobiologiya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Pənah Muradova verib. Pənah Muradov tədqiqat işlərinin 2 problem üzrə aparıldığını bildirib, əsas diqqəti institutda əldə edilmiş mühüm elmi nəticələrə yönəldib, bu nəticələrin dərcolunma vəziyyətindən danışıb. O, əməkdaşlar tərəfindən 1 monoqrafiya, 27 məqalə, 24 tezis nəşr edildiyini bildirib. Natiq “Heydər Əliyev İli” ilə bağlı keçirilmiş tədbirlərdən, bağlanmış əməkdaşlıq memorandumlarından, icra edilən qrant layihələrindən danışıb.

Sonra akademik İradə Hüseynova canlı təbiətin tədqiqi və “Qırmızı kitab”la bağlı tədqiqatlarda AR ETN Zoologiya İnstitutunun çox iş gördüyünü, institutda sağlam peşəkar mühitin təmin olunmasında institutun direktoru Ələddin Eyvazovun rolunu xüsusi qeyd edib və hesabat məruzəsini təqdim etmək üçün sözü ona verib. Məruzədə “Qırmızı kitab”la yanaşı, işğaldan azad edilmiş ərazilərdə, Xəzər dənizində, digər su hövzələrində aparılmış tədqiqatlar, bu tədqiqatlarda Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə, beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələri, “Zoologiya İnstitutunun elmi əsərləri” jurnalı barədə məlumatlar əsas yer alıb. Ələddin Eyvazov qeyd edib ki, əməkdaşların 112 məqaləsindən 24-ü beynəlxalq indeksləşən bazalarda dərc olunub.

AR ETN Torpaqşünaslıq və Aqrokimya İnstitutunun hesabat məruzəsində əsas diqqət dövlət proqramlarının icrası, Azərbaycanda, o cümlədən işğaldan azad edilmiş ərazilərdə torpaqların vəziyyəti, yaxşılaşdırılması və su təminatı ilə bağlı tədqiqatlar və onların nəticələri əsas yer tutub. AMEA-nın müxbir üzvü Əlövsət Quliyev çıxışında yeni metodikaların və texnologiyaların tətbiqi, kadrların xaricdə təlim görməsi, rəqəmsallaşdırma məsələlərinə yer verib.

Natiq Kür-Araz ovalığında kollektorların müasir vəziyyəti haqqında danışaraq bildirib ki, ölkədə su itkiləri 65%-ə çatır, suvarma regionlarında kollektorlardan axıdılan suyun minerallığı çox aşağıdır. Alim qeyd edib ki, işğaldan azad edilmiş ərazilərin su təminatında mühüm rol oynayan kəhrizlərlə bağlı tədqiqatlar qrant layihəsi üzrə aparılacaqdır. İnstitutun elmi kadr potensialının 50 faizindən çoxunun yaşı 65-dən yuxarıdır.

Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun icraçı direktoru fizika-riyaziyyat elmləri doktoru, professor Əhməd Hacıyev tərəfindən təqdim edilən hesabat məruzəsində BTEB tərəfindən qəbul olunmuş əsas elmi istiqamətlərə uyğun 4 problemin həlli üzrə 2023-cü ildə aparılan elmi tədqiqatlar, sağlam qocalma, peşə xəstəlikləri və s. məsələlərlə bağlı bir sıra nailiyyətlər, dövlət proqramları əsasında görülmüş işlər, mövcud kadr potensialı, aparılan ekspedisiyalar, yerli və beynəlxalq elmi tədbirlər barədə məlumatlar yer alıb.

Məruzəçi institutda herontologiya, neyrofiziologiya, hüceyrə fiziologiyası və s. üzrə aparılan fundamental tədqiqatların mühüm nəticələrini iştirakçılara təqdim edib. Bu nəticələr əsasında 180 elmi əsər, o cümlədən  1 kitab, 71 məqalə dərc edilib.

AR ETN Dendrologiya İnstitutunun hesabat məruzəsində əsas diqqət tabeçilik və struktur islahatları fonunda respublikanın rayonlarında, xüsusən qorunan ərazilərdə, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilmiş ekspedisiya fəaliyyətləri, nadir və itməkdə olan bitkilərin toplanması və mühafizəsi, introduksiyası, toxum mübadiləsi məsələləri əsas yer tutub. İnstitutun baş direktoru vəzifəsini icra edən, biologiya üzrə fəlsəfə doktoru Minarə Həsənova çıxışında qeyd edib ki, 2023-cü ildə institutun 8 laboratoriyasında tədqiqatlar aparılıb, tətbiq məsələlərinə xüsusi diqqət yetirilib. Qeyd edilib ki, institut universitetlərlə, xüsusən ADA, Odlar Yurdu, Qərbi Kaspi, Lənkəran Dövlət universitetləri ilə, xarici təşkilatlarla sıx əməkdaşlıq edir. İnstitutun əməkdaşları beynəlxalq və respublika elmi tədbirlərinin, sərgilərin təşkilatçısı və fəal iştirakçısı olublar.

Sonra əsası akademik Cəlal Əliyev tərəfindən qoyulmuş AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun illik hesabat məruzəsi AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik İradə Hüseynova tərəfindən təqdim edilib. Akademik hesabat ilində institutun 5-i beynəlxalq olmaqla, 14 laboratoriyasında ümumilikdə 84 elmi işçi, o cümlədən 1 akademik, 4 AMEA-nın müxbir üzvü, 1 Rusiya EA-nın müxbir üzvü, 11 elmlər doktoru və professor, 24 fəlsəfə doktoru tərəfindən aparılan elmi tədqiqatlardan əldə edilmiş mühüm nəticələri toplantı iştirakçılarının diqqətinə çatdırıb. Natiq qeyd edib ki, institutda hesabat ilində dünya üçün prioritet sayılan istiqamətlərdə, o cümlədən kompüter biologiyası, süni intellekt, maşınöyrənmə üsulları, nanomateriallar, yaşıl enerji və s. sahələrdə multidissiplinar tədqiqatlar aparılıb, 19-u yüksək reytinqli jurnallarda olmaqla, ümumilikdə 78 məqalə dərc edilib.

Cari ildə institut AR Elm və Təhsil Nazirliyi, AMEA-nın Rəyasət Heyəti, AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsi ilə birgə bir neçə beynəlxalq, o cümlədən “Heydər Əliyev İli” ilə bağlı keçirilmiş elmi konfransların və digər tədbirlərin təşkilində xüsusi fəallıq göstərib.

Son illərdə institutun elm və təhsilin inteqrasiyası sahəsində mühüm nailiyyətlərindən birinin magistr hazırlığı olduğunu bildirən məruzəçi əlamətdar bir hal kimi qeyd edib ki, institutun magistraturasının məzunları və digər gənc mütəxəssisləri dünyanın aparıcı universitetlərinin doktoranturalarında təhsil alırlar.

Akademik İradə Hüseynova sonda “Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun elmi əsərləri” jurnalının beynəlxalq indeksləşən bazalara salınması və saytının modernləşdirilməsi üzrə aparılan intensiv fəaliyyətlərdən danışıb.

Ümumi yığıncağın gedişində institutların elmi fəaliyyətinə dair təqdimatların hər birindən sonra iştirakçıların çoxsaylı sualları məruzəçilər və institutların müvafiq sahə mütəxəssisləri tərəfindən ətraflı cavablandırılıb və geniş müzakirələr aparılıb. Həmin müzakirələrdə iştirak edən Türkiyənin Ege Universitetinin professoru Əziz Eftekhari, BTEB-in üzvləri, o cümlədən akademik Qərib Məmmədov, AMEA-nın müxbir üzvləri Zeynal Əkpərov, Novruz Quliyev, Pənah Muradov, Saleh Məhərrəmov, Vaqif Novruzov, digər iclas iştirakçıları, mütəxəssislər institutların fəaliyyətini yüksək qiymətləndiriblər, ölkədə müvafiq elm sahələrinin inkişafı, tədqiqatların aparılması üçün lazımi şəraitin yaradılmasının, avadanlıqlar və reaktivlərlə təchizatın yaxşılaşdırılmasının vacibliyinə diqqət çəkiblər.

Müzakirələrə yekun vuran akademik İradə Hüseynova qarşıya qoyulan dövlət tapşırıqlarına və mövzu planlarına uyğun olaraq institutlarda elmi işlərin uğurla yerinə yetirildiyini, işğaldan azad edilmiş ərazilərə elmin Böyük Qayıdışında, elmi-təşkilati fəaliyyətlərdə əhəmiyyətli nailiyyətlər qazanıldığını, o cümlədən “Heydər Əliyev İli”, akademik Zərifə Əliyevanın 100 illik yubileyi, tanınmış alimlərin yubileyləri, elmin müasir istiqamətləri ilə bağlı silsilə tədbirlərin böyük uğurla həyata keçirildiyini bir daha diqqətə çatdırıb, gələcək fəaliyyətlərdə nəzərə alınmaq üçün bəzi tövsiyə və təkliflərini bildirib.

İnstitutların elmi və elmi-təşkilati fəaliyyətlərinin mühüm nəticələri Bölmə üzvlərinin ümumi rəyi əsasında qəbul edilib.

İclasın sonunda dövlət proqramları üzrə hesabatların hazırlanması, akademik Tariyel Talıbovun 75, mərhum akademik Fazil Qurbanovun 80 illik yubileyləri ilə bağlı məsələlər müzakirə edilərək müvafiq qərarlar qəbul edilib.