Qafqaz florası və bitki örtüyünün tədqiqinə böyük töhfə vermiş görkəmli botanik, akademik Aleksandr Alfonsoviç Qrossheym 1927-ci ildən Bakıda elmi-pedaqoji fəaliyyətə başlamışdır. O, Azərbaycan Dövlət Universitetinin Ali bitkilərin morfologiyası və sistematikası kafedrasında dosent, professor və kafedra müdiri (1925-1946) vəzifələrində çalışmışdır. A.A.Qrossheym SSRİ EA-nın Zaqafqaziya filialının Azərbaycan şöbəsinin botanika bölməsinə rəhbərlik etmişdir (1932-1936). 1934-cü ildə Bakıda Botanika Bağının, 1936-1947-ci illərdə isə SSRİ Elmlər Akademiyasının filialı kimi yaradılmış Botanika İnstitutunun ilk direktoru olmuşdur. A.A.Qrossheym Qafqazın, o cümlədən, Azərbaycanın bitki ehtiyatları, bitkiçiliyi və florası üzrə geniş tədqiqat işləri aparmışdır. Onun təşəbbüsü ilə Respublikada qoruqlar, xüsusilə də Lənkəran və Muğan qoruqları, həmçinin Herbari fondu yaradılmış və herbari kolleksiyasının saxlanma metodikası və strukturu işlənib hazırlanmışdır.
     A.A.Qrossheymin elmi-tədqiqat fəaliyyətinin əsas istiqamətləri arasında floristik-sistematika mühüm yer tutur. O, Qafqazda elm üçün 200-dən çox yeni bitki növünü təsvir etmişdir. Akademikin çoxsaylı monoqrafiya və kitabları, həmçinin 200-dən çox elmi əsərinin yarısı Azərbaycanda işlədiyi dövrdə çap olunmuşdur. Akademikin elmə verdiyi ən böyük töhfəsi 8 cildli “Флора Кавказа” (1928-1967); “Анализ флоры Кавказа” (1936); “Растительные ресурсы Кавказа” (1946) və s. adlı kitablarıdır.