Görkəmli bitki fizioloqu, akademik Müzəffər Heydər oğlu Abutalıbov 1931-1936-cı illərdə Azərbaycan Politexnik İnstitutunun Bitki fiziologiyası kafedrasında laborant, assistent, dosent kimi çalışmışdır. 1936-1948-ci illərdə Azərbaycan Elmlər Akademiyası Botanika İnstitutunda baş elmi işçi və elmi işlər üzrə direktor müavini, 1940-1947-ci illərdə İnstitutun Bitki fiziologiyası və biokimyası şöbəsinin müdiri və 1947-1950-ci illərdə direktoru, 1950-ci ildən Azərbaycan Dövlət Universitetinin professoru olmuşdur. 1960-1962-ci illərdə Azərbaycan EA Genetika və Seleksiya İnstitutunun direktoru, 1962-1978-ci illərdə yenidən Botanika İnstitutunun direktoru və 1978-ci ildən ömrünün sonuna kimi Botanika İnstitutunda Bitki fiziologiyası şöbəsinin müdiri vəzifələrində çalışmışdır.
     M.H.Abutalıbovun əsas elmi fəaliyyəti bitkilərin mineral qidalanması, kimyəvi elementlərin bitki orqanizminə daxil olması, hərəkəti, paylanması və təkrar istifadəsinin tədqiqinə həsr edilmişdir. O, 300-dən çox elmi məqalənin, 5 monoqrafiyanın və Azərbaycan dilində ilk ikicildlik “Bitki fiziologiyası” dərsliyinin, “Bitkilərin mineral maddələrlə qidalanması” dərs vəsaitinin müəllifidir.
  M.H.Abutalıbov elmi-tədqiqat işləri ilə yanaşı, pedaqoji sahədə də fəaliyyət göstərmiş və Azərbaycanda yüksək ixtisaslı bioloqların hazırlanmasında əhəmiyyətli rolu olmuşdur, onun rəhbərliyi altında 55 elmlər namizədi və doktoru yetişmişdir.
  M.H.Abutalıbov SSRİ Elmlər Akademiyasının Bitki fiziologiyası və biokimyası, Fotosintez Problem Şuralarının və Azərbaycan Sovet Ensiklopediyası Baş Redaksiyasının üzvü, Botanika Elmi Cəmiyyətinin sədri olmuşdur.