Arxiv
Volksvagen Fondunun dəstəyi ilə AMEA Botanika İnstitutunda uğurlu layihə həyata keçirilir
07.11.2018

     Almaniyanın Volksvagen Fondunun (Volkswagen Stiftung) Proqram direktoru Dr. Matthias Nöllenburg AMEA Botanika İnstitutunda direktor, akademik Validə Əlizadə, layihənin Azərbaycan tərəfindən əlaqələndiricisi, b.ü.f.d. Esmira Əlirzayeva və institutun əməkdaşları ilə görüşüb. Görüş zamanı İnstitut tərəfindən Volksvagen Fondunun dəstəyilə Berlin-Dahlem Botanika Bağı və Botanika Muzeyi (BGBM, Almaniya)  ilə müştərək həyata keçirilən “Qafqazda bitki müxtəlifliyinin saxlanması metodlarının işlənib hazırlanması" layihəsinin nəticələri və yeni əməkdaşlıq perspektivləri müzakirə olunub.

     Akademik V.Əlizadə qeyd edib ki, layihə çərçivəsində İnstitutun Herbari Fondunun infrastrukturunda yenidənqurma və müasir standartlara cavab verən müvafiq avadanlıqlarla təmin olunması işlərinə başlanılmış, sonradan Fondda bu işlər AMEA-nın dəstəyilə tamamlanmışdır. İnstitutun gənc mütəxəssisləri və doktorantları BBBM-də biologiyanın müasir sahələri olan molekulyar sistematika, biomüxtəlifliyin informatikası və s. üzrə təcrübə toplamış, Azərbaycanın bəzi qiymətli ağac növlərinin müasir statusunun təyini üzrə elmi tədqiqatlar aparmışdır.

     İnstitutun Herbari fondu ilə tanış olan qonaq herbari nümunələrinin rəqəmsallaşdırılması və virtual məlumat bazasına daxil edilməsi üzrə aparılan işlərlə yaxından maraqlanıb, bu istiqamətdə fəaliyyət göstərən gənc mütəxəssislərlə müzakirələr aparıb. Məlumat verilib ki, hazırda dəyərli herbari nümumələrinin beynəlxalq virtual herbari məlumat bazasına daxil edilməsi prosesi davam etdirilir.

     Dr. Nöllenburg Mikologiya və Alqologiya üzrə yenilənmiş herbari kolleksiyası ilə də tanış olub. AMEA-nın professoru, b.ü.e.d. Dilzarə Ağayeva bu isiqamətlərdə İnstititda aparılan tədqiqatlar və əldə olunan nailiyyətlər haqqında ətraflı məlumat verib.

     Alman qonaq, həmçinin, İnstitutda fəaliyyət göstərən Botanika Muzeyini də ziyarət edib.

     Botanika İnstitutunda aparılan elmi-tədqiqat işləri ilə yaxından tanış olan Dr. Matthias Nöllenburg əməkdaşlıqdan məmnunluğunu bildirib, qısa müddət ərzində İnstitut tərəfindən əldə edilmiş nailiyyətləri yüksək qiymətləndirib və bu layihənin Volksvagen Fondu tərəfindən dəstəklənən uğurlu layihələrdən biri olduğunu vurğulayıb. Tərəflər əməkdaşlığın davam etdirilməsi üzrə razılığa gəliblər.

     Qeyd edək ki, "Qafqazda bitki müxtəlifliyinin saxlanması metodlarının işlənib hazırlanması" layihəsinin icrasına AMEA Botanika İnstitutu ilə BBBM arasında imzalanmış Razılaşma Memorandumu çərçivəsində Volksvagen Fondunun dəstəyilə 2011-ci ildən başlanılmışdır. İlk mərhələsi uğurla başa çatan layihənin 2-ci mərhələsinə 2016-ci ildən  start verilmişdir.