AMEA Botanika İnstitutu və Mərkəzi Nəbatət Bağının bir sıra əməkdaşları akademik Validə Əlizadənin və layihə koordinatoru, Dr. Kritstina Toderichin rəhbərliyi ilə həyata keçirilən vacib tədqiqatların nəticələri bu yaxınlarda İsveçrənin “Springer” nəşriyyatında çap olunan “Emerging Research in Alternative Crops” adlı kitabın “Şoranlığa məruz qalan gilli torpaqlarda kinoya və yem bitkilərinin kök-gövdə əlaqələri” geniş fəslində öz əksini tapıb. Əldə olunan nəticələr, bitkilərin dəyişilən ətraf mühitə cavab reaksiyasını dərk etməyə, müxtəlif abiotik streslərə uyğunlaşmış sortları seçməyə, davamlı kənd təsərrüfatının inkişafı üçün iqtisadi cəhətdən əhəmiyyətli olan kinoya və digər yem bitkilərinin məhsuldarlığını artırmağa və ümumilikdə idarəetmə təcrübəsini səmərəli qiymətləndirməyə imkan verir.
Qeyd edək ki, 2015-ci ildən başlayaraq “Aral və Xəzər dənizi hövzələrinin azməhsuldar torpaqlarında ərzaq təhlükəsizliyinin yüksəldilməsi” layihəsi Dubay şəhərində yerləşən Şoran Torpaqlarda Əkinçiliyin İnkişafı üzrə mərkəz tərəfindən (ICBA) dəstəklənmişdir. Bu layihə çərçivəsində aparılan tədqiqatlar növbəti illərdə də Botanika İnstitutunun nəzdində olan Kürdəmir rayonunun Karrar dayaq məntəqəsində davam etdirilmişdir. Həmçinin alimlərin quraq ərazilərdə şoranlığa məruz qalmış torpaqların idarə edilməsi üzrə uğurlu fəaliyyəti ölkənin ərzaq təhlükəsizliyi üzrə dövlət proqramının icrasına töhfə verir.