АМЕА-nın akademik A.Qarayev adına Fiziologiya İnstitutunda Qarabağ müharibəsində Azərbaycanın tarixi qələbəsinə həsr olunan onlayn iclas keçirilib.
Tədbirdə Fiziologiya İnstitutunun əməkdaşları ilə yanaşı, Azərbaycan Fizioloqlar Cəmiyyətinin, Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının və Gəncə Dövlət Universitetinin nümayəndələri də iştirak ediblər.
Əvvəlcə II Qarabağ müharibəsində şəhid olan hərbçilərimizin xatirəsi bir dəqiqəlik sükütla yad olunub.
Tədbiri institutun direktoru, biologiya elmləri doktoru, professor Ulduz Həşimova açaraq rəşadətli Azərbaycan ordusunun əsgər və zabitlərinə, Müzəffər Ali Baş Komandana bu tarixi hadisəyə görə öz dərin təşəkkürünü bildirib. O, 44 gün davam edən müharibənin xalqımızın haqq mübarizəsinin mahiyyətinin dünyaya çatdırılmasında və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ konflikti ətrafında erməni təbliğatı ilə yaranmış stereotiplərin sındırılmasında böyük rolu olduğunu söyləyib. U.Həşimova bu müharibədə xalqımızın haqlı mövqeyini dəstəkləyən bütün xalqlara, xüsusilə öz siyasi və mənəvi dəstəyi ilə ilk gündən Azərbaycan xalqının yanında olan Türkiyə dövlətinə və qardaş türk xalqına minnətdarlığını vurğulayıb. İnformasiya müharibəsinin hələ də davam etdiyini deyən natiq Azərbaycan həqiqətlərinin beynəlxalq elmi ictimaiyyətə çatdırılmasında alimlərimizi fəal olmağa çağırıb. O, respublika elminin əsas prioritetlərdən biri olan herontoloji tədqiqatların dünyada uzunömürlülər diyarı kimi tanınan Qarabağ torpağında da davam etdiriləcəyi haqqında fikirlərini tədbir iştirakçıları ilə bölüşüb.
Sonra çıxış edən Fiziologiya İnstitutunun əməkdaşı, AMEA-nın müxbir üzvü Rafiq Qasımov qəhrəman ordumuzla, onun Ali Baş Komandanı ilə fəxr etdiyini söyləyib, bu qələbənin Azərbaycanın gələcək inkişafında böyük rol oynayacağını bildirib. “Qarabağa qayıdış Azərbaycan elminin qarşısında böyük vəzifələr qoyur”, – deyən natiq işğaldan azad edilmiş torpaqların ekologiyasının, eləcə də biomüxtəlifliyinin öyrənilməsi üzrə proqramların işlənməsinin vacibliyini diqqətə çatdırıb.
Tədbirdə müəssisənin elmi işlər üzrə direktor müavini, professor Əhməd Hacıyev, ümumi işlər üzrə direktor müavini Könül İbrahimova, Qadınlar Şurasının sədri Sevinc Hüseynova, Gənc Alim və Mütəxəssislər Şurasının sədri Zenfira Qədimova, böyük elmi işçi Şövqi Hüseynov və digərləri çıxış edərək tədbir iştirakçılarını Azərbaycan xalqının xoşbəxt gələcəyinin simvolu olan şanlı qələbə münasibətilə təbrik ediblər. Qeyd olunub ki, AMEA Rəyasət Heyətinin “İşğaldan azad edilmiş ərazilərdə elmi-tədqiqatların bərpa edilməsi ilə bağlı AMEA-nın vəzifələri” haqqında qərarına əsasən, Fiziologiya İnstitutu tərəfindən müəyyən təkliflər hazırlanaraq təqdim edilib. Bundan əlavə, müharibə dövründə institut əməkdaşlarının cəbhəyanı ərazilərdə hərbi hissələrə səfər etdikləri, əsgərlərimizə sovqatlar, isti geyimlər, dərman vasitələri göndərdikləri, “Könüllü poçt” kampaniyası çərçivəsində mütəmadi olaraq hərbçilərimizə mənəvi dəstək, qələbə ruhu verən məktublar çatdırdıqları bildirilib.
Tədbirin sonunda institutun kollektivi və Azərbaycan Fizioloqlar Cəmiyyətinin adından ölkəmizin ərazi bütövlüyünün bərpası və tarixi qələbə münasibətilə Prezident İlham Əliyevə ünvanlanan müraciət qəbul edilib.
Müraciətdə deyilir:
Möhtərəm Prezident,
Cənab Ali Baş Komandan!
Sizi Azərbaycan Milli Elmlər Akademiyasının akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun kollektivi və Azərbaycan Fizioloqlar Cəmiyyətinin üzvləri adından xalqımızın Vətən müharibəsində şanlı qələbəsi münasibəti ilə təbrik edirik, Sizə möhkəm can sağlığı, doğma Azərbaycanımızın inkişafı və çiçəklənməsi naminə bütün fəaliyyətinizdə yeni uğurlar arzulayırıq! İnanırıq ki, Sizin müdrik rəhbərliyiniz altında Azərbaycanın bayrağı daim yüksəkliklərdə dalğalanacaq!
Bu günlərdə xalqımız möhtəşəm bir əhval-ruhiyyədə yaşayır, 27 il həsrətlə gözlədiyi torpaqlarımızın erməni işğalından azad olunmasını bayram edir. Sizin Ali Baş Komandan kimi rəhbərliyiniz altında öz əllərinizlə qurduğunuz Müzəffər Azərbaycan Ordusu ölkəmizin beynəlxalq miqyasda tanınan ərazilərini zəbt etmiş və həyasızcasına onları bu müddətdə işğal altında saxlayan və talan edən, dağıdan təcavüzkar ermənistan ordusu üzərində tam qələbə çalmışdır. Bu qələbəyə görə Azərbaycan xalqı Sizə minnətdardır, Sizinlə sonsuz qürur hissi duyur, sarsılmaz iradənizlə fəxr edir.
Sizin tərəfinizdən 44 döyüş günündə müntəzəm olaraq xalqımıza çatdırılan qələbə müjdələri, işğal olunmuş ərazilərdən şanlı, qüdrətli ordumuz tərəfindən düşmənin ardıcıl olaraq “it kimi” qovulması xəbərləri uşaqdan böyüyə kimi hər birimizin qəlbində, beynində həkk olunmuşdur və bu gün istər-istəməz gözümüzün qabağında kinolent kimi canlanır. Təbii qala, Qarabağın tacı, Azərbaycanın mənəvi mərkəzi Şuşanın cəsarətli əsgərlərimiz tərəfindən alınması hərb tarixində müstəsna əhəmiyyəti olan bir əməliyyat kimi qalacaq.
Cənab Ali Baş Komandan, bugün Sizin işləyib hazırladığınız işğaldan azad olunma hərbi planı dünya müharibələri tarixində analoqu olmayan bir əməliyyat planıdır, 27 ildən artıq müddət ərzində işğal altında qalan torpaqlarımızın 44 gün ərzində düşməndən təmizlənməsi, Ermənistan ordusunun tam məğlubiyyəti, erməni dövlətinin alçaldıcı kapitulyasiyaya məruz edilməsi bu planın real nəticələridir.
Qarabağın incisi Şuşanın işğaldan azad olunması günü Azərbaycan xalqı Sizin ulu öndər Heydər Əliyevin qəbrinə ziyarətinizi böyük həyəcanla izləyir və intuitiv olaraq Sizdən yeni bir xəbər gözləyirdi. Siz bu xəbəri çatdırdınız və xoşbəxt idiniz ki, Şuşanın qayıtma xəbərini ilk olaraq Azərbaycanın qurucusunun ruhuna yetirdiniz. Həqiqətən ata vəsiyyətinin yerinə yetirilməsi böyük xoşbəxtlikdir, Allah bu xoşbəxtliyi Sizə qismət elədi!
Möhtərəm Prezident! Müharibə meydanı ilə yanaşı, Sizin nüfuzlu bir dövlət başçısı kimi, geniş erudisiyalı, peşəkar siyasətçi kimi dünyanın ən qabaqcıl kütləvi informasiya vasitələrinin nümayəndələrinə, bir çox hallarda əvvəlcədən qərəzli mövqe tutan jurnalistlərə verdiyiniz çoxsaylı müsahibələrdə də Siz qalib çıxdınız, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması uğrunda erməni təbliğatına, bir sıra dövlətlərin ermənipərəst qüvvələrinə layiqli zərbə ilə cavab verdiniz. Bu müsahibələri təkrar-təkrar dinləyən insanlarımız Sizinlə qürur duyur, Sizə hədsiz minnətdarlığını bildirirlər.
Hələ döyüşlərin davam etdiyi bir vaxtda, cənab Prezident, işğaldan azad olunmuş ərazilərdə dövlət infrastrukturlarının, sərhədlərin bərpa edilməsi, bir sözlə quruculuq işlərinə başlanılması haqda göstərişləriniz Sizin dövlət başçısı kimi vətənimizə olan diqqət və qayğınızın, məhəbbətinizin tərənnümüdür. Hər bir azərbaycanlının illərlə həsrətində olduğu Şuşamızın işğaldan azad olunduğu gün Sizin “Şuşa, biz səni dirçəldəyəcik!” sözləriniz qulağımızda hər zaman səslənir və biz inanırıq ki, tezliklə erməni faşistləri tərəfindən viran qoyulmuş torpaqlarımızda həyat Sizin sayənizdə dirçələcək, insanlar daha müasir şəraitdə yaşayıb yaradacaqlar.
Möhtərəm Prezident! Sizi inandırırıq ki, Qarabağ torpağına yeni nəfəsin verilməsində Azərbaycan alimləri öz əməyini əsirgəməyəcəklər. Azərbaycan fizioloqları işğaldan azad olunmuş ərazilərin ekoloji monitorinqinə, biomüxtəlifliyin bərpası, qorunması, səmərəli istifadəsi üzrə tədqiqatların aparılmasına hazırdırlar. Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin “İşğaldan azad edilmiş ərazilərdə elmi-tədqiqatların bərpa edilməsi ilə bağlı AMEA-nın vəzifələri” haqqında qərarına uyğun olaraq Fiziologiya İnstitutu artıq müvafiq tədqiqatlar üzrə öz təkliflərini hazırlayıb Biologiya və Tibb Elmləri Bölməsinə təqdim edib.
Bu gün Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsinə yeni Milli Qəhrəmanlar - Ali Baş Komandan və onun əsgərinin adları qızıl hərflərlə yazılır.
Qələbəmizlə fəxr edirik!
Ali Baş Komandanımızla fəxr edirik!
Qarabağ Azərbaycandır!
Dərin hörmət və ehtiramla,
AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun kollektivi adından müəssisənin direktoru, professor Ulduz Həşimova