Biologiya üzrə fəlsəfə doktoru, dosent O.H.Mirzəyev 1939-cu il 20 noyabr tarixində Qubada anadan olmuşdur. 1969-1972-ci illərdə SSRİ EA Botanika İnstitutunun məqsədli aspiranturasında təhsil alımışdır. 1975-ci ildə professor N.V.Dılisin elmi rəhbərliyi altında namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etdikdən sonra Botanika İnstitutunda elmi işçidən laboratoriya müdiri kimi müxtəlif vəzifələrdə və ömrünün sonuna qədər AMEA Botanika İnstitutunun “Sistematika və biomüxtəliflik” şöbəsinin “Ali bitkilərin sistematikası və coğrafiyası” laboratoriyasının aparıcı elmi işçisi olaraq çalışmışdır.
O.H.Mirzəyev Azərbaycan meşələrində ilk dəfə kompleks şəkildə uzunmüddətli araşdırmalar nəticəsində Azərbaycan florası üçün 2 yeni tozağacı növü və onun 4 yeni areallarını aşkar etmişdir. Onun apardığı elmi-tədqiqat işlərinin nəticələri 12-dən çox elmi əsər, o cümlədən 2 monoqrafiya və həmmüəlliflə birgə 4 kitabda öz əksini tapmışdır.
O.H.Mirzəyev mütəxəssis olaraq, dəfələrlə Təbiət Abidələrinin vəziyyətinin qiymətləndirilməsi üçün Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət ərazilərinin İnkişafı Departamentinin təşkil etdiyi komissiyaların tərkibində respublikamızın müvafiq rayonlarına ezam olunmuş, Təbiət Abidəsi statusuna malik olan və problemli ağaclara komissiyanın digər üzvləri ilə birlikdə baxış keçirmişdir.
O.H.Mirzəyev həmçinin 33 il ərzində İnstitutun Elmi Şurasının üzvü və İnstitutun Həmkarlar Təşkilatının sədri kimi fəaliyyət göstərmişdir. O, eləcə də İnstitutun nəzdindəki Dissertasiya Şurasının tərkibinə daxil olan Seminar Şurasının üzvü olmuşdur.
O, həmişə işgüzarlığı, obyektivliyi, eyni zamanda təbiətindən irəli gələn alicənablığı, olduqca nəzakətli rəftarı ilə seçilmiş və öz həmkarlarının dərin rəğbət və nüfuzunu qazana bilmişdir. Onun İnstitutun elmi həyatında prinsipial, ictimai həyatında isə humanist mövqe tuta bilmək bacarığı qarşıya qoyduğu hər iki vəzifələrin öhdəsindən qüsursuz gəlməkdə ona həmişə yardımçı olmuşdur.
Əfsuslar olsun ki, Oqtay müəllim artıq həyatda yoxdur. O, 2020-ci ilin 25 oktyabr tarixində əbədi olaraq gözlərini yumub haqq dünyasına qovuşmuşdur. Allah ona qəni-qəni rəhmət etsin.