AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə AMEA-nın Mikrobiologiya İnstitutunun Su mikrobiologiyası laboratoriyasının rəhbəri, biologiya üzrə fəlsəfə doktoru, dosent Anar Hüseynov işğaldan azad edilmiş ərazilərdə olub.
A.Hüseynov Füzuli və Xocavənd rayon ərazisində olan su və torpaqların vəziyyətinin mikrobioloji aspektdə qiymətləndirilməsi məqsədilə müşahidələr aparıb və laboratoriya anlizləri üçün nümunələr götürüb. Nümunə götürülən su mənbələrində oksigenin miqdarı, destruksiya göstəricisi, temperaturu və pH yerindəcə təyin edilib.
Köndələnçay, Qozluçay Quruçay və Ağbulaq çayının töküldüyü su anbarından götürülən su, eləcə də torpaq nümunələrinin geniş tədqiqi Mikrobiologiya İnstitutunun su mikrobiologiyası, mikrobioloji biotexnologiya və torpaq mikrobiologiyası laboratoriyalarında davam etdirilməsi nəzərdə tutulub.