Arxiv
Qarabağın biomüxtəlifliyi, torpaq və su ehtiyatlarına həsr olunan konfrans keçiriləcək
19.05.2021

Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı ilə 20-21 may 2021-ci il tarixlərində “Qarabağın biomüxtəlifliyi, torpaq və su ehtiyatları: keçmişi, bu günü və gələcəyi” mövzusunda onlayn konfrans keçiriləcək.

20 may tarixində açılışdan sonra keçiriləcək plenar iclasda AR Ekologiya və təbii sərvətlər nazirinin müavini, AMEA-nın Botanika İnstitutunun aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Vüqar Kərimovun “İşğaldan azad edilmiş ərazilərdə ekoloji terror və böyük qayıdışın ətraf mühit aspektləri”, AR Kənd təsərrüfatı nazirinin müavini, iqtisad elmləri doktoru, professor Elçin Zeynalovun “İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının bərpası və inkişafı”, AR Hidromexanika və Meliorasiya Elm-İstehsalat Birliyinin baş direktoru, aqrar elmləri doktoru, professor Ağamir Həşimovun “İşğaldan azad olunmuş ərazilərdə torpaq və su ehtiyatları, onlardan səmərəli istifadənin sosial-iqtisadi və ekoloji əsasları”, AR Energetika Nazirliyinin müşaviri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Cavid Abdullayevin “İşğaldan azad edilmiş ərazilər üçün “yaşıl enerji zonası” konsepsiyası biomüxtəlifliyin qorunması aləti kimi”, Ümumdünya Vəhşi Təbiət Fondu (WWF) Azərbaycan nümayəndəliyinin rəhbəri, AMEA-nın Zoologiya İnstitutunun elmi işçisi Elşad Əsgərovun “Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin fauna müxtəlifliyi və onun bərpa imkanları”, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru, professor Rəna Mirzəzadənin “Biomüxtəlifliyin qorunması: siyasi, hüquqi və mədəni-etik yanaşmalar” mövzularında məruzələri dinləniləcək.

Fasilədən sonra və 21 may tarixində konfrans öz işini “Qarabağın təbii florası, bitkiliyi, meşə və otlaq ekosistemləri”, “Qarabağın faunası, herontoloji tədqiqatlar, ekoturizm, arxeobiologiya”, “Qarabağın genetik ehtiyatları və ərzaq təhlükəsizliyi”, “Qarabağın torpaq və su ehtiyatları, yaşıl iqtisadiyyat” mövzularında seksiyalarda davam etdirəcək.