AMEA Botanika İnstitutunun Mikologiya laboratoriyasının kiçik elmi işçisi Aynur Baxşiyeva Yaponiyanın Tsu şəhərində yerləşən Mie Universitetində uzunmuddətli elmi ezamiyyətdə olub. Ezamiyyət Yaponiyanın Osaka şəhərində yerləşən Fermentasiya İnstitutunun (Institute of Fermentation, Osaka, Japan) xarici tələbələr üçün təşkil etdiyi 6 aylıq təqaüd proqramı çərçivəsində baş tutub. Səfər müddətində A.Baxşıyeva Mie Universitetinin “Bitki Patologiyası” laboratoriyasında Prof Dr Chiharu Nakaşimanın rəhbərliyi ilə “Azərbaycanda Peronosporales sırasına aid patogen göbələklərin növ müxtəlifliyi və molekulyar sistematikası” mövzusunda layihə üzrə elmi tədqiqat işi aparıb.
Təcrübə müddətində Azərbaycanın müxtəlif bölgələrindən toplanılmış herbari nümunələrinin və yeni toplanmış nümunələrin morfoloji analizi Zeiss Stemi 305 (Zeiss, Jena, Germany) və Zeiss Axio Imager A1 (Zeiss, Oberkochen, Germany) mikroskopları ilə uyğun protokol əsasında aparılıb. Ümumilikdə 205 nümunə təhlil edilib. Bu qrup göbələklərin sporongiofor, oospor, ooqoni kimi mühüm dioqnostik əlamətlərinə dair maraqlı məlumatlar əldə edilib. Həmçinin, yeni toplanılmış nümunələrin molekulyar yanaşmalarla (DNT ekstraksiyası, PZR və elektroforez) tədqiqi metodları mənimsənilib.