Dövlət İmtahan Mərkəzi 2017-ci il aprelin 9-da ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına  qəbul imtahanının 1-ci mərhələsini keçirəcəkdir.
   Ərizə vermiş şəxslər imtahanda iştirak etmək üçün DİM-in internet saytına daxil olub “şəxsi kabinet”in istifadəçi adı və parolundan istifadə etməklə “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər. Burada iştirakçının imtahan verəcəyi şəhər, bina və digər məlumatlar qeyd olunur.
Namizədlər imtahana gələrkən aşağıda göstərilən sənədləri mütləq özləri ilə gətirməlidirlər: 

-  Şəxsiyyəti təsdiq edən sənədin əslini; 
-  “İmtahana buraxılış vərəqəsi”ni.

  Göstərilən sənədləri arasında uyğunsuzluq olan, yaxud həmin sənədlərdən biri olmayan şəxslər imtahana buraxılmayacaq.
 Magistratura səviyyəsinə qəbul imtahanı Respublikanın 5 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəran şəhərlərində, ümumilikdə 39 imtahan mərkəzində aparılacaq.
   İmtahan bütün binalarda eyni vaxtda - saat 13:00-da başlanır.
  Məlumat üçün bildirək ki, ərizələrin qəbulu internet vasitəsilə martın 10-dan 28-dək aparılıb. İmtahanda iştirak etmək üçün 13081 bakalavr ərizə təqdim etmişdir. Bakalavrlardan 7281 nəfəri cari ilin, 5800 nəfəri isə əvvəlki illərin məzunlarıdır. 25 nəfər xarici ölkə vətəndaşıdır.

http://www.tqdk.gov.az/news/master/2878/