Dövlət İmtahan Mərkəzi (DİM) 2017/2018-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına müsabiqənin nəticələrini iyunun 21-də saat 18:45-dən etibarən Mərkəzin internet saytında yerləşdirib.
Bakalavrlar qəbulun nəticələri ilə bağlı məlumatı Mərkəzin internet saytından və mobil telefondan iş nömrəsini 7727 nömrəsinə SMS göndərməklə öyrənə bilərlər.
Qəbul olunanların siyahısı “Magistr” jurnalının 5-ci sayında dərc olunacaq.
Müsabiqənin nəticələrinə əsasən, 2017/2018-ci tədris ili üçün Azərbaycan Milli Elmlər Akademiyasının magistraturasına qəbul olmuş bakalavrlar AMEA-da qeydiyyatdan keçməlidirlər. Qeydiyyat üçün aşağıdakı sənədlər tələb olunur:
- şəxsiyyət vəsiqəsinin əsli və surəti;
- bakalavr diplomunun əsli və surəti (cari ilin məzunları üçün bakalavr kursunu tam başa vurması haqqında ali təhsil müəssisəsindən arayış);
- 4 ədəd fotoşəkil (3×4 sm).
Magistraturaya qəbul olmuş bakalavrların qeydiyyatı 2017-ci il iyun ayının 29-dan iyul ayının 14-dək (şənbə və bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinin Magistratura şöbəsində (Hüseyn Cavid pr., 115, I mərtəbə, otaq 150) aparılacaqdır.
Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər.
Əlaqə nömrələri: (+994 12) 537 23 97, 539 20 35