Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsili olan (ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan) Azərbaycan Respublikasının vətəndaşları müsabiqə əsasında qəbul olunurlar.
Doktoranturanın (keçmiş aspiranturanın) tam kursunu bitirən şəxs eyni ixtisas üzrə təkrarən doktoranturaya qəbul oluna bilməz.
Fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul üçün sənədlərin siyahısı. Doktoranturaya qəbul üçün aşağıdakı sənədlər Botanika İnstitutunun Təhsil şöbəsinə təqdim olunmalıdır:
- AMEA Botanika İnstitutunun direktorunun adına ərizə;
- kadrların şəxsi-qeydiyyat vərəqi;
- tərcümeyi-hal;
- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
- iş yerindən xasiyyətnamə;
- iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;
- çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;
- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);
- şəxsiyyəti təsdiq edən sənədin surəti.
Doktoranturaya qəbul olmaq istəyənlər
- ixtisas fənnindən,
- xarici dildən (rus dili istisna olmaqla, seçim sərbəst və ya ixtisasa uyğun olmalıdır) və
- fəlsəfədən
ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verirlər.
İxtisas fənnindən qəbul imtahanını AMEA Botanika İnstitutunun direktoru tərəfindən yaradılan komissiya həyata keçirir.
Bərabər ballar toplandığı halda, müsabiqədə ixtisas fənnindən daha yüksək qiymət alan və çap edilmiş elmi əsərləri olan şəxslərə üstünlük verilir.
Ali təhsil müəssisələrində və ya elmi təşkilatlarda yaradılmış qəbul komissiyaları imtahanların nəticələri əsasında müvafiq qərar qəbul edirlər.
Doktoranturaya istehsalatdan ayrılmaqla qəbul olunan şəxslərin əmək kitabçası doktoranturaya qəbul olunduğu müəssisəyə və ya elmi təşkilata təqdim edilir.
Doktoranturaya qəbul haqqında qərarda (əmrdə) doktorantın dissertasiyasının mövzusu, təhsil müddəti və rəhbəri (rəhbərləri) göstərilir və onlara bu haqda məlumat verilir. Bir qayda olaraq, doktorantın elmi rəhbəri elmlər doktoru və ya professor olur.
Müstəsna hallarda, ali təhsil müəssisələrinin və elmi təşkilatların elmi şuralarının qərarı əsasında müvafiq ixtisasa malik fəlsəfə doktorları (elmlər namizədləri) da doktorantlara elmi rəhbərlik işinə cəlb oluna bilərlər.
Doktoranturada təhsil müddətində doktorant ali təhsil müəssisəsinin və elmi təşkilatın elmi şurası tərəfindən təsdiq edilmiş fərdi iş planı əsasında fəaliyyət göstərir.
Doktorant təhsil müddətində:
- ixtisas fənnindən (həmçinin ixtisas uyğunluğu nəzərə alınmaqla, digər fəndən),
- informatikadan və
- xarici dildən
doktorluq imtahanlarını verməlidir.
Doktoranturada fərdi iş planını yerinə yetirən və elmi tədqiqat işini bitirən şəxslər «Fəlsəfə doktoru» elmi dərəcəsi almaq üçün dissertasiya işinin müdafiəsinə buraxılırlar.