Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin doktoranturada və dissertantlıq yolu ilə təhsili Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq hüquqi və fiziki şəxslərin birbaşa bağladıqları müqavilələr əsasında həyata keçirilir.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin doktoranturada və dissertantlıq yolu ilə təhsili ödənişli əsaslarla aparılır. İllik təhsil haqqı təhsilin xüsusiyyətlərinə uyğun olaraq ali təhsil müəssisələrinin və elmi təşkilatların tabe olduqları qurumlar tərəfindən müəyyən edilir.
Xarici dövlətlərdə təhsil almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün ali təhsil haqqında diplomun notarial qaydada təsdiq edilmiş surəti və diplomun tanınması haqqında şəhadətnamə təqdim edilməlidir.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər fəlsəfə doktoru üzrə doktoranturada və dissertantlıq yolu ilə təhsil müddətində «Azərbaycan dili» fənnindən əlavə doktorluq imtahanı verirlər.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ali təhsil müəssisələrində və elmi təşkilatlarda doktoranturaya qəbulu və dissertant təhkim olunması, eyni zamanda təhsili bu Qaydalara və qüvvədə olan qanunvericiliyə uyğun olaraq həyata keçirilir.