Arxiv
Elektron məlumat bazaları haqqında seminar keçirildi
14.04.2017

     AMEA Botanika İnstitutunda Ekosistemlərin fitososiologiyası laboratoriyasının müdiri, b.e.d. Naibə Mehdiyevanın təqdimatında “Elektron məlumat bazalarının elmi tədqiqatlarda rolu” mövzusunda maarifləndirici seminar keçirildi. İnstitutun Gənc Alim və Mütəxəssislər şurasının fəal iştirakı ilə təşkil olunmuş seminarda dərman və nadir bitkilər üzrə yaradılmış elektron məlumat bazalarının əhəmiyyəti və istifadəsi haqqında məlumat verildi. Qeyd olundu ki, dərman bitkiləri üzrə bazada  Azərbaycan florasına aid 1550 növ bitki 26 parametr üzrə bölünmüş və formalizə edilmiş informasiyanı özündə cəmləşdirir. Bu elektron baza məlumatları istənilən parametrlər üzrə qruplaşdırmaq, tələb olunan xassə və xüsusiyyətlərə malik bitkilər və bitki qrupları haqqında informasiyanı rəqəm və siyahı şəklində əldə etmək və s. əməliyyatları həyata keçirməyə imkan verir.

     Nadir bitkilər üzrə olan bazada isə növlərin həyati formaları, ekoloji qruplar, növlərin botaniki-coğrafi rayonlar və şaquli zonalıq üzrə paylanması, endem və nadirlik kateqoriyası üzrə göstəriciləri, GPS göstəriciləri, faydalı xüsusiyyətləri, populyasiyaların ontogenetik vəziyyəti və strukturu haqqında  dəqiq və ətraflı məlumatların olduğu əyani göstərildi. Həmçinin, bazaya daxil olan hər bir növün yayılması üzrə elektron xəritənin online istifadəsi izah edildi.

     Sonda gənc mütəxəssisləri maraqlandıran suallar cavablandırıldı, mövzu ətrafında müzakirələr aparıldı.

     Qeyd edək ki, bu məsələlərin müzakirəsi Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair 2017-2020–ci illər üçün Milli strategiya və fəaliyyət planı, “ Azərbaycan 2020: gələcəyə baxış” planı və s. həyata keçirilməsi üçün xüsusi əhəmiyyət kəsb edir.