AMEA Botanika İnstitutunda Xocalı faciəsinin 25-cü ildönümü ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Validə Əlizadə tədbiri giriş sözü ilə açaraq Xocalı soyqırımı, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti barədə həqiqətlərin dünya birliyinə çatdırılması istiqamətində görülən işlərdən danışıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının əhəmiyyətindən danışaraq qeyd edib ki, artıq bir sıra dövlətlər Xocalıda törədilən qırğını soyqırım kimi qəbul edib.
İnstitutun elmi işlər üzrə direktor müavini, b.e.d. Eldar Novruzov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş verən hadisələrdən ətraflı danışaraq qeyd edib ki, törədilən kütləvi qırğın Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəldilmiş ənənəvi terror siyasətinin tərkib hissəsidir.
Tədbirdə İnstitut əməkdaşları professor, b.e.d. Səyyarə İbadullayeva, b.ü.f.d. Rəşad Səlimov, doktorant Tural Qasımov Xocalı soyqırımı ilə bağlı fikirlərini bölüşüblər.
Tədbirdə Soyqırımı əks etdirən videoçarx nümayiş etdirilib.