Arxiv
“İsmayıllı rayonu meşə bitkilərinin çöl bələdçi kitabı”nın təqdimatı keçirilib
14.02.2017

     Fevralın 14-də AMEA-nın Botanika İnstitutunda bu elmi müəssisənin əməkdaşı, b.ü.f.d. Eldar Şükürovun “İsmayıllı rayonu meşə bitkilərinin çöl bələdçi kitabı”nın təqdimatı keçirilib.
     Tədbirdə institutun direktoru, AMEA-nın müxbir üzvü Validə Əlizadə ictimaiyyətə təqdim olunan kitabın məziyyətlərindən danışıb. Bildirib ki, bu kitab Avropa İttifaqının ENPI FLEG II (Avropa Qonşuluq və Əməkdaşlıq Aləti Meşə Qanunvericiliyinin Gücləndirilməsi və İdarəedilməsi) Proqramı çərçivəsində nəşr edilib. Kitab İsmayıllı rayonunun meşələrində yayılmış qatırquyruğukimilər, qıjıkimilər, çılpaqtoxumlular və örtülütoxumlular şöbəsinə daxil olan ağac, kol, lian və ot bitkilərinin təbiətdə olarkən tez və səmərəli təyin edilməsi üçün nəzərdə tutulmuş bir vəsaitdir.

     V.Əlizadə qeyd edib ki, nəşrin məqsədi hər hansı bir formal botaniki təlim keçmədən təbiətsevər insanlara meşələrdə rast gəlinən ali bitki növlərini təyin etməkdə kömək göstərməkdir. Kitabda verilmiş sadə və məntiqli istifadə qaydalarının tələblərini yerinə yetirməklə hər bir kəs İsmayıllı rayonunun meşə bitkiçiliyində rast gəlinən 255 ali bitki növlərini daha tez təyin edəcək.

     Sonra Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin direktoru Elşad Əsgərov fondun yaranma tarixi, fəaliyyət istiqamətləri və həyata keçirdiyi layihələrdən söz açıb. Bildirib ki, WWF tərəfindən hazırlanan kitabın nəşr etdirilməsində məqsəd təbiətimizin zənginliyini bir daha diqqətə çatdırmaq və onun mühafizəsinə nail olmaqdır.

     FLEG II proqramının milli əlaqələndiricisi Könül Əhmədova qeyd edib ki, yeni nəşr İsmayıllı rayonunun ərazisində və respublikanın digər oxşar botaniki coğrafi rayonlarında rast gəlinən eyni meşə bitkilərini asanlıqla təyin etməkdə və onların qısa morfologiyası, Azərbaycanda yayılması, yaşayış mühitləri, təssərrüfat əhəmiyyətləri haqqında vacib məlumatları əldə etməkdə yardımçı olacaq.

     Tədbirdə digər çıxış edənlər İsmayıllı rayonunun meşə bitkilərinin öyrənilməsində və təyin edilməsində kitabın əhəmiyyətini qeyd ediblər.

     Sonda kitabın müəllifi Eldar Şükürov nəşrin hazırlanması prosesindən danışıb, ondan istifadə qaydaları barədə məlumat verib. Qeyd edib ki, nəşrin ərsəyə gəlməsində məqsəd təbiətsevər insanlara meşələrimizdə rast gəlinən ali bitki növlərini təyin etməkdə yardımçı olmaqdır.