AMEA Botanika İnstitutunun Ekosistemlərin fitososiologiyası laboratoriyasının müdiri, b.ü.e.d. Naibə Mehdiyeva, institutun Təhsil şəbəsinin müdiri, b.ü.f.d. Rəşad Səlimov və doktorant Nigar Mürsəl qızı Kyu Kral Botanika Bağının London şəhərində təşkil etdiyi “Dünyada bitkilərin vəziyyəti” adlı beynəlxalq simpoziumda iştirak ediblər.
12 ölkədən 128-ə yaxın mütəxəssisin iştirak etdiyi və müvafiq mövzular üzrə məruzələrin dinlənildiyi simpozium “Bitki müxtəlifliyinin məruz qaldığı itmə təhlükəsi”, “Təbii meşə yanğınları, İnvaziv bitkilər”, “Dərman bitkiləri və Təbiətin qiymətləndirilməsi” sessiyalarını əhatə etmişdir.
Tədbirdə Dərman bitkiləri bölməsi üzrə b.ü.e.d. N.Mehdiyeva “Azərbaycan florasının farmasevtik potensialı”, Bitki müxtəlifliyinin məruz qaldığı itmə təhlükəsi bölməsi üzrə b.ü.f.d. R.Səlimov “Azərbaycanda nadir və itmə təhlükəsində olan bitki populyasiyalarının öyrənilməsinə multidissiplinar yanaşma” və invaziv bitkilər bölməsi üzrə doktorant N.Mürsəl qızı “Azərbaycan florasında invaziv növlərin yayılması” mövzularında təqdimatla çıxış ediblər. Həmçinin, azərbaycanlı alimlər tərəfindən hər üç mövzuya aid poster də təqdim olunub. Təqdim edilən bütün məruzələr iştirakçılar tərəfindən maraqla qarşılanıb. Tədbir müddətində dünyanın müxtəlif ölkələrini təmsil edən mütəxəssislərlə fikir mübadiləsi aparılıb, son illərdə Botanika İnstitutunda həyata keçirilən elmi tədqiqatlar barədə geniş məlumat verilib.
Qeyd edək ki, "Dünyada Bitkilərin Vəziyyəti" bitki müxtəlifliyinin məruz qaldığı qlobal təhlükələr və bununla əlaqəli fəaliyyət planlarının müzakirə edildiyi elm və siyasət simpoziumudur.