AMEA Mərkəzi Nəbatat Bağının Gənc alim və mütəxəssislər şurasının sədri Fərid Seyfullayev Dünya Gənclər Akademiyasının (GYA) və Cənubi Afrikanın Gənclər Akademiyasının (SAYAS) təşkilatçılığı ilə Cənubi Afrika Respublikasının Yohannesburq şəhərində keçirilən Gənclər Akademiyalarının 3-cü Ümumdünya konfransında iştirak etmişdir. “Sağlamlıq və inkişaf nöqteyi nəzərindən yer kürəsində urbanizasiya və elm siyasətinin buna təsiri” mövzusuna həsr olunmuş tədbirdə dünyanın 35 -dən çox ölkəsindən 60-a yaxın gənc alim iştirak etmişdir. Tədbirdə Gənclər akademiyalarının və gənc alimlərin BMT-nin Dayanıqlı İnkişaf Hədəfləri proqramına necə töhfə verə biləcəkləri məsələlər müzakirə edilmişdir. Həmçinin, müzakirələrdə müxtəlif ölkələrdə fəaliyyət göstərən Gənc alimlər şuraları arasında əlaqələri genişləndirmək, əməkdaşlığı gücləndirmək, təcrübə mübadiləsi üçün mövcud imkanlar və s. məsələlərə toxunulmuşdur.
F.Seyfullayev tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının Gənc alim və mütəxəssislər şurasının fəaliyyətini əks etdirən geniş məruzə ilə çıxış etmişdir.
Tədbirdə alimlərin təmsil etdikləri ölkənin Gənc alimlər şuralarının fəaliyyətindən bəhs edən təqdimatları dinlənilmiş və müzakirələr aparılmışdır. Qeyd edim ki, Seyfullayev Fəridin tədbirdə iştirakı ilə bağlı bütün xərclər Almaniyanın Volkswagen Fondu tərəfindən ödənilmişdir.