Arxiv
AMEA Botanika İnstitutunun alimi IUFRO tədbirlərinə qatılıb
20.09.2017

   

     11-15 sentyabr 2017-ci il tarixlərində Yunanıstanın Saloniki şəhərində keçirilən Beynəlxalq Meşə Tədqiqatları Təşkilatı Birliyinin (International Union of Forest Research Organisations) Dəyişən ətraf mühitdə meşə həşəratları və patogenləri: ekologiya, monitorinq və genetika  işçi qruplarının birgə təşkilatçılığı ilə həyata keçirilən beynəlxalq tədbirə AMEA Botanika İnstitutu ilk dəfə olaraq qoşulub. Azərbaycan da daxil olmaqla 25 ölkədən 79 nümayəndənin iştirak etdiyi tədbirin məqsədi dəyişən ətraf mühitdə meşə entomologiyası və patologiyası sahəsində müxtəlif mövzulu tədqiqatları bir araya gətirmək, gələcək perspektivləri müzakirə etmək idi.

     Tədbirdə İnstitutu Mikologiya laboratoriyasının müdiri, b.e.d. Dilzarə Ağayeva təmsil edib. D.N.Ağayeva “Meşə zərərvericiləri və patogenlərinin beynəlxalq təsiri” sessiyasında Azərbaycanda şabalıd ağacının patogen Cryphonectria parasitica göbələyinin populyasiyasının hazırkı vəziyyətinə dair məruzə ilə çıxış edib, həmçinin, “Meşə zərərvericilərinin fenologiyası, sahibləri və mutualistləri” sesiyasında modertor olub.

     Qeyd edək ki, 125 illik tarixə malik Beynəlxalq Meşə Tədqiqatları Təşkilatı Birliyi meşə elmi əməkdaşlığı üzrə qlobal şəbəkəni təmsil edir. IUFRO-ya üzv olan 700 təşkilat 110-dan artıq ölkədə çalışan 15.000-dən çox tədqiqatçını birləşdirir. Təşkilatın məqsədi elmi tədqiqatlarda üstünlüyə nail olmaq, məlumatları paylaşmaq, dünyada meşə ilə əlaqədar problemlərin meşələrin və insanların xeyrinə elmi yollarla həllinə yardım etməkdir.