Arxiv
Botanika İnstitutunun əməkdaşları Belorusiya Respublikasında beynalxalq tədbirdə iştirak ediblər
18.10.2017

      AMEA Botanika İnstitutunun “Hüceyrə biofizikası” laboratoriyasının əməkdaşları, AMEA-nın müxbir üzvü Xəlil Qasımov, b.ü.f.d. Arifə Bağırova və b.ü.f.d. Gülnar Sultanova Belorusiya Elmlər Akademiyası Fiziologiya İnstitutu tərəfindən Minsk şəhərində  təşkil olunmuş “Fundamental elmlər Tibdə” adlı Beynalxalq elmi konfransda iştirak ediblər. Rusiya, Litva, Qazaxıstan, Ukrayna, Belorusiya və Azərbaycandan olan 70-ə yaxın nümayəndənin iştirak etdiyi tədbirdə müasir onkoloji problemlərə həsr olunmuş 13 məruzə dinlənilib.

     Konfransda X.Qasımov ““Makrolid polien antibiotiklərin lipid membranlara seçici təsiri və onun tədbiqi əhəmiyyəti” ” mövzusunda plenar məruzə ilə çıxış edib. Həmçinin, əməkdaşlarımız  tərəfindən konfransa 6 tezis materialı təqdim olunub.

       Səfər müddətində alimlər BEA Fiziologiya İnstitutunun “Hüceyrə texnologiyası” laboratoriyasında müasir metodlarla müştərək təcrübələr aparıb və  polien antibiotiklərin klonogen şiş hüceyrələrinə təsirini öyrəniblər. Qeyd edək ki, təcrübələr BEA Fiziologiya İnstitutu və AMEA Botanika İnstitutu arasında 2016-ci ildə bağlanmış elmi saziş çərçivəsində həyata keçirilib.