17 noyabr 2017-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti, Gənc Alim və Mütəxəssislər Şurası və Azad Həmkarlar İttifaqı “Müasir elm – gənclərin baxışı ilə” adlı elmi-praktik konfrans keçirəcəkdir. Konfransın keçirilməsinin məqsədi istedadlı gənclərin elmə cəlb olunması, onların karyera yüksəlişində problemlərinin həlli yollarını, eləcə də prioritet istiqamətlər üzrə inkişaf perspektivlərini müəyyənləşdirmək üçün respublikada fəaliyyət göstərən elmi-tədqiqat və ali təhsil müəssisələrinin, aidiyyəti dövlət və özəl qurumların, elm və təhsilin inkişafina dəstək verən fondların, sahibkarlıq və media subyektlərinin rəsmi nümayədələrinin iştirakı ilə faydalı müzakirəyə nail olmaqdır. Belə müzakirələrə bu ilin dekabr ayında Bakıda keçiriləcək “Gənc alimlərin I Qurultayı”na hazırlıq prosesləri, o cümlədən respublikada fəaliyyət göstərən gənclərlə bağlı elmi təşkilatların birgə fəaliyyəti və koordinasiya problemləri, həmçinin elm, təhsil və innovasiya sahələrinin inkişafında multidissiplinarlığın bərqərar olunması kimi aktuallıq təşkil edən interaktiv diskussiyalar daxildir.
Konfransın interaktiv müzakirə bölümü üçün təklif olunan mövzular elmi məktəblər və fundamental elmi axtarışlar; elm, təhsil və innovasiya üçbucağı: inkişafın vəhdət modeli; Yüksək Texnologiyalar Parkı - innovativ ideyaların real məkanı və Azərbaycanda elmi təşkilatların birgə fəaliyyəti və koordinasiya problemləri kimi bu günümüz üçün aktual, gələcək üçün isə perspektiv məsələləri əhatə edir.
Elmi Təşkilat Komitəsi Akademik institutların, elmi-istehsalat müəssisələrinin və digər müvafiq qurumların gənc alim və mütəxəssislərini bu konfransda fəal iştirak etməyə dəvət edir.
gencalimler.az