Arxiv
Botanika elminə ağır itki üz verib
12.10.2017

     AMEA Botanika İnstitutunun  AMEA Botanika İnstitutunun Bitki ehtiyatları şöbəsinin baş elmi işçisi, b.e.d. Qasımov Mayıs Ələkbər oğlu 12 oktyabr 2017-ci il tarixində 78 yaşında vəfat edib.

     M.Qasımov 1939-cu ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1967-ci ildə Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmiş və 1968-ci ildə Azərbaycan EA Botanika İnstitutunda aspiranturaya qəbul olunmuşdur. 1973-cü ildə dissertasiya işini müdafiə edərək biologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. Əldə etdiyi elmi nəticələrin nəzəri-praktiki əhəmiyyətinə görə ona 1974-cü ildə Respublika Lenin komsomolu mükafatı verilmişdir.1999-cu ildə isə doktorluq dissertasiya işini müdafiə etmişdir.

     1981-ci ildən 1998-ci ilədək  Azərbaycan EA Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun (indiki Kataliz və Qeyri-üzvi Kimya İnstitutu) nəzdində olan “ Xüsusi konstruktor” bürosunda laboratoriya müdiri işləmişdir. 1999-cu ildən isə AMEA Botanika İnstitutunun Bitki ehtiyatları şöbəsində baş elmi işçi vəzifəsində çalışmışdır.

     M.Ə.Qasımovun elmi tədqiqatları  Azərbaycanın boyaq bitkilərini aşkar etmək, otlardan alınan boyaq maddələrinin xalçaçılıq, ipəkçilik və toxuculuq sənayesində istifadə yollarının araşdırılmasına eləcə də,  hazırda yeyinti sənayesində istifadə olunan və insan oraqanizmi üçün zərərli təsirə malik süni boya tərkiblərinin antosian, karotinoid, flavonoid maddələri ilə əvəz olunmasına yönəlmişdir. M.Ə.Qasımov 160 elmi əsər, 6 monoqrafiya, 5 kitab, 1 metodiki dərs vəsaitinin, 20-ə yaxın patent və ixtira, 70-dən artıq səmərələşdirici təklif və yüzlərlə elmi- populyar məqalələrin müəllifidir. Son 5 ildə 15-dən artıq elmi əsəri, o cümlədən 2 monoqrafiyası çap olunmuş, 1 patent alınmış, 10-larla elmi-populyar məqaləsi müxtəlif dövrü mətbuat oraqanlarında çap olunmuşdur.

     M.Qasımov əziz xatirəsi onu tanıyanların və doğmalarının qəlbində əbədi olaraq yaşayacaqdır.

Allah rəhmət eləsin!