Arxiv
Botanika İnstitutunun alimi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib
25.10.2017

    Botanika İnstitutunun Mikologiya laboratoriyasının müdiri, AMEA-nın professoru Dilzarə Ağayeva Türkiyənin Samsun şəhərində On Doqquz Mayıs Universitetinin təşkilatçılığı ilə keçirilən 6-cı Beynəlxalq Şabalıd Simpoziumunda iştirak edib.

     Tədbirin məqsədi şabalıd (Castanea sativa) tədqiqatlarının tarixi, yetişdirilməsi, iqtisadi və marketinq problemləri, qida əhəmiyyəti və emalı, ağacın genetikası, xəstəlikləri və zərərvericiləri kimi bir sıra məsələlərə aydınlıq gətirmək idi.

     Azərbaycan daxil olmaqla 10 ölkədən (ABŞ, İtaliya, Xorvatiya, Sloveniya, Yaponiya, Portuqaliya, Rumıniya, Slovakiya, Türkiyə, Gürcüstan) 80 nümayəndənin iştirak etdiyi tədbirdə şabalıd ağacının müasir problemlərinə dair maraqlı məruzələr dinlənilib.

     D.Ağayeva “Cryphonectria parasitica ilə yoluxmuş ağac qabığının göbələk müxtəlifliyi” mövzusunda məruzə ilə çıxış edib. İştirakçılar tərəfindən maraqla qarşılanan məruzə xəstəlik törədən C. parasitica göbələyinin Azərbaycanda büruzə vermə səbəbləri, çoxalma vasitələri, vc-tipləri və genotiplərinə dair yaranan suallarla müzakirə olunub.

     Qeyd edək ki, Beynəlxalq Şabalıd Simpoziumu 1993-cü ildən başlayaraq 24 ildən artıq ənənəvi olaraq şabalıd yetişdirilən müxtəlif ölkələrdə təşkil edilir.