AMEA Botanika İnstitutu ilə Berlin-Dahlem Botanika Bağı və Botanika Muzeyi (BBBM, Almaniya) arasında imzalanmış Razılaşma Memorandumu çərçivəsində Volksvagen Fondunun dəstəyilə həyata keçirilən “Cənubi Qafqazda bitki müxtəlifliyinin mühafizəsi üsullarının hazırlanması” layihəsi üzrə növbəti işçi toplantı Gürcüstanın Tiflis şəhərində təşkil olunub. Tədbirdə Botanika İnstitutunun direktoru, akademik Validə Əlizadə, layihənin kordinatoru, Bitkilərin fizioloji ekologiyasi laboratoriyasının müdiri, b.ü.f.d. Esmira Əlirzayeva və Təhsil şöbəsinin müdiri, b.ü.f.d. Rəşad Səlimov iştirak edib. Toplantı zamanı Azərbaycan tərəfindən layihə çərçivəsində həyata keçirilən işlər və əldə olunan nailiyyətlər məruzə şəklində təqdim olunub. Seçilmiş bitki cinsləri (Scutellaria, Pyrus, və s.) üzərində müasir tədqiqat işlərinin aparılması, İnstitutun gənc mütəxəssislərinin BBBM-də təcrübə keçməsi, müştərək nəşrlər, həmçinin, İnstitutun Herbari Fondunda saxlanılan herbari nümunələrinin virtual məlumat bazasına daxil edilməsi üzrə işlərin davam etdirilməsi müzakirə olunub.