Arxiv
İtaliya Milli Tədqiqatlar Şurasının Davamlı Bitki Mühafizə İnstitutu ilə AMEA-nın Botanika İnstitutu arasında əlaqələr genişlənir
14.12.2017

AMEA Botanika İnstitutunda “Azərbaycanda şabalıd ağaclarının (Castanea sativa Mill.) sağlamlıq statusunun qiymətləndirilməsi: şabalıd xərçəngi və assosiasiyada olan göbələk xəstəlikləri” adlı müştərək layihə üzrə aparılan tədqiqatların yekununa dair hesabat seminarı keçirilib.

     Botanika İnstitutunun direktoru, akademik Validə Əlizadə iştirakçıları salamladı, aparılan birgə layihənin tədqiqat istiqaməti və əhəmiyyəti barədə məlumat verib.

       Layihənin kordinatorları, İtaliya Milli Tədqiqatlar Şurasının (İMTŞ) Florensiyada yerləşən Davamlı Bitki Mühafizə (CNR-IPSP) İnstitutunun əməkdaşı, Prof. Dr. Biankaelena Masertinin təqdimatında “Cryphonectria parasita göbələyinin populyasiyasında dsRNT –nin axtarışı və lakkaz aktivliyinin təyini” və Botanika İnstitutunun Mikologiya laboratoriyasının müdiri, AMEA-nın professoru, b.e.d. Dilzarə Ağayevanın təqdimatında “Cryphonectria parasita göbələyinin populyasiyasının morfologi və molekulyar-bioloji yanaşmalarla tədqiqi” adlı məruzələri dinlənilib. D.Ağayeva Azərbaycanda  təbii bitən meşə sahələrində yeni quruyan şabalıd ağaclarından götürülmüş nümunələrin yoxlanılması və şabalıd ağaclarında Cryphonectria parasitica göbələyi və onun törətdiyi xəstəliyin hazırkı vəziyyətinə dair ətraflı məlumat verib, həmçinin xəstəliyi nəzarətə almağın mümkünlüyünü qeyd edib.

      Həmçinin qeyd edək ki, sözügedən layihə AMEA və İMTŞ-nın elmi əməkdaşlığa dair Saziş və Əməkdaşlıq Proqramı üzrə 2015-ci ildə elan edilmiş müsabiqədə  qalib gəlmiş 4  layihədən biridir.