Mərkəzi Elmi Kitabxanada AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) 2017-ci ilin yekunlarına həsr olunan hesabat yığıncağı keçirilib.
İclasda AMEA-nın vitse-prezidentləri, akademiklər - İbrahim Quliyev, Dilqəm Tağıyev, akademiyanın Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov, Prezident yanında Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov və gənc alimlər iştirak ediblər.
İclasda GAMŞ-ın sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov rəhbərlik etdiyi qurumun 2017-ci ildəki fəaliyyətinə dair hesabatla çıxış edib. Qeyd edib ki, GAMŞ tərəfindən ötən il Azərbaycan gəncliyinin potensialını müasir dövrün tələblərinə uyğun inkişaf etdirmək, həmin potensialdan dövlətin mənafeləri naminə istifadə etmək, həmçinin yeni nəsildə fəal vətəndaşlıq mövqeyini formalaşdırmaq istiqamətində çoxşaxəli işlər görülüb.
O, şuranın elmi-ictimai fəaliyyətində prioritet kimi AMEA-nın Tədbirlər Planını və Prezident İlham Əliyevin “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramını əsas tutduğunu söyləyib.
F.Salmanov 2017-ci ildə Molekulyar Biologiya və Biotexnologiyalar, həmçinin Aşqarlar Kimyası institutlarının gənc alimlərinin iştirakı ilə mühüm elmi nəticələrin əldə olunduğunu və beynəlxalq impakt faktorlu jurnallarda dərc edildiyini bildirib.
Sədr hesabat ilində elmlə təhsilin vəhdətinin yaradılması, akademiyanın müvafiq institutlarında magistratura pilləsi üzrə qəbul üçün elan olunmuş müsabiqəyə hazırlıqlı gənclərin cəlb olunmasını təmin etmək məqsədilə ali təhsil ocaqlarında elmi seminarların keçirildiyini deyib. F.Salmanov Gənc Alim və Mütəxəssislər Şurası və Biologiya və Tibb Elmləri Bölməsinin birgə təşkilatçılığı ilə Heydər Əliyev adına Müasir Təhsil Kompleksində “Elm Guşəsi”nin açıldığını da diqqətə çatdırıb.
AMEA, Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Gənc Alimlərin Birinci Qurultayının keçirildiyini deyən F.Salmanov tədbir çərçivəsində gənc alim və mütəxəssislərin problemlərinin həlli və gələcək perspektiv istiqamətlərinin müəyyənləşdirilməsi ilə bağlı geniş müzakirələrin aparıldığını söyləyib.
O, AMEA-nın 2 gənc əməkdaşının Gənclər və İdman Nazirliyinin elan etdiyi “İlin gənci” mükafatına və 10-a yaxın gənc alimin akademiyanın Rəyasət Heyətinin və müvafiq bölmələrin fəxri fərmanlarına layiq görüldüyünü vurğulayıb. Şura sədri bundan əlavə, 2 gənc alimin Prezident yanında Elmin İnkişafı Fondunun “İlin gənc alimi” müsabiqəsinin qalibi olduğunu bildirib.
F.Salmanov hesabat ilində AMEA-nın gənc alim və mütəxəssislərinin kitab, monoqrafiya, məqalə və tezislərinin çap olunduğunu, elmin təbliği və populyarlaşdırılması istiqamətində işlərin bundan sonra da davam etdiriləcəyini söyləyib.
Hesabat dinlənildikdən sonra müzakirələr aparılıb.
İclasda akademik Dilqəm Tağıyev çıxış edərək 2 fevral - Gənclər Günü ilə bağlı gənc alimləri təbrik edib. O, son illərdə AMEA-da aparılan islahatlar nəticəsində gənclərin elmə marağının artdığını, akademiyanın magistratura və doktorantura pilləsinə qəbul zamanı yüksək nəticələrin qeydə alındığını söyləyib. D.Tağıyev gənc alimlər üçün bu ildən etibarən yay məktəbinin təşkil olunacağını, ilkin olaraq isə AMEA-nın Kimya Elmləri Bölməsinin gənc əməkdaşları üçün dərslərin keçiriləcəyini diqqətə çatdırıb.
Tədbirdə, həmçinin akademik Fəxrəddin Qədirov, Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun doktorantı, "Magistr-2017" müsabiqəsinin qalibi Nigar İbrahimova, İdarəetmə Sistemləri İnstitutunun aparıcı elmi işçisi, riyaziyyat üzrə fəlsəfə doktoru Anar Rəhimov, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun aparıcı elmi işçisi, biologiya üzə fəlsəfə doktoru Gülnarə Balakişiyeva və digərləri çıxış edərək hesabatla bağlı fikir və təkliflərini bölüşüblər.
Sonda hesabat yekdilliklə qəbul edilib.