Arxiv
Fevralın 25-də ali məktəblərin və AMEA-nın magistraturalarına qəbul imtahanı keçiriləcək
23.02.2018

Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 25-də ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının birinci mərhələsini keçirəcək.

Magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsi respublikanın beş şəhərində - Bakı, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəran şəhərlərində, ümumilikdə 38 imtahan binasında aparılacaq. İmtahan saat 13:00-da başlanacaq və 2 saat 30 dəqiqə davam edəcək.

Ərizələrin qəbulu İnternet vasitəsilə fevralın 2-dən 13-dək aparılıb. İmtahanda iştirak üçün 12.387 bakalavr ərizə təqdim edib. Onlardan 11.205-i Azərbaycan bölməsi, 1.182-si rus bölməsi üzrə imtahan verəcək.

Ərizə vermiş bakalavrlar imtahanda iştirak üçün fevralın 16-dan etibarən DİM-in İnternet saytına daxil olub “şəxsi kabinet”in istifadəçi adı və parolundan istifadə etməklə “İmtahana buraxılış vərəqəsi”ni çap edirlər. Burada iştirakçının imtahan verəcəyi şəhər, bina və digər məlumatlar qeyd olunur.

Bakalavrlar imtahana gələrkən aşağıdakı sənədləri mütləq özləri ilə gətirməlidirlər:

- Şəxsiyyəti təsdiqləyən sənədin əslini;

- “İmtahana buraxılış vərəqəsi”ni.

Göstərilən sənədlər arasında uyğunsuzluq aşkarlanan, yaxud həmin sənədlərdən biri olmayan şəxslər imtahana buraxılmayacaqlar.