Bugün AMEA Botanika İnstitutunda 1 mart - Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib.
İnstitutun MM qərargahının rəisi Nazim Xəlilov məruzəsində FHN-in əhalinin fövqəladə hallardan qorunması və mülki müdafiə sahəsində fəaliyyətləri haqqında danışaraq, mülki müdafiənin məqsədi, təşkil edilməsi prinsipləri, mülki müdafiə sahəsində dövlətin vəzifələri, hüquqi şəxslərin vəzifələri, vətəndaşın hüquq və vəzifələrinə toxunub. Qeyd edib ki, baş verə biləcək hər hansı bir kütləvi təhlükə zamanı əhalinin xəbərdar edilməsi, onlara fərdi mühafizə vasitələrinin paylanması və təhlükəsiz sığınacaqlarda yerləşdirilməsi Mülki Müdafiənin başlıca vəzifəsidir.
Tədbirdə müəssisənin mülki müdafiə dəstələrinin üzvləri təbii fəlakətlər, istehsalat qəzaları və fövqəladə halların nəticələrinin aradan qaldırılması ilə əlaqədar özlərinin yerinə yetirməli olduqları işləri, bu sahədə əldə etdikləri vərdişləri nümayiş etdiriblər.