Arxiv
Biologiya və Tibb Elmləri Bölməsinin növbəti büro iclası keçirilib
28.03.2018

Fevralın 28-də AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin növbəti büro iclası keçirilib.

Tədbirdə bölmənin akademik-katibi, akademik Əhliman Əmiraslanov, büro üzvləri, bölmənin tərkibinə daxil olan elmi müəssisələrin rəhbərləri və aidiyyatı məsələlər üzrə dəvət olunmuş əməkdaşlar iştirak ediblər.

İclası giriş sözü ilə açan akademik Əhliman Əmiraslanov gündəlikdə əksini tapan məsələlər barədə məlumat verib.

Sonra AMEA Rəyasət Heyətinin “Azərbaycan Respublikası Nizami Gəncəvi adına Qızıl medal müsabiqəsi haqqında” və “AMEA-nın adlı mükafatları üzrə müsabiqənin elan edilməsi haqqında” qərarları ilə bağlı müzakirələr aparılıb. Akademik Əhliman Əmiraslanov adlı mükafatlar və Qızıl medal üzrə 2018-ci il üçün müsabiqələrin Rəyasət Heyətinin 31 yanvar 2018-ci il tarixli qərarı ilə elan olunduğunu xatırladıb. Natiq vurğulayıb ki, mükafatlara namizədlər AMEA-nın həqiqi və müxbir üzvləri, AMEA-nın elmi bölmələri, elmi-tədqiqat və ali təhsil müəssisələrinin elmi şuraları, elmi cəmiyyətlər, nazirlik və dövlət komitələri yanında fəaliyyət göstərən elmi-texniki şuralar tərəfindən irəli sürülə bilər.

Tədbirdə bölmənin elmi müəssisələrinin 2018-ci il üzrə elmi-tədqiqat planları müzakirə edilib.

     Bölmənin növbəti qərarları ilə Dendrologiya İnstitutu və Mərkəzi Nəbatat Bağının elmi şuralarının tərkiblərində, Genetik Ehtiyatlar İnstitutunun isə strukturunda qismən dəyişiklik edilib.

     İclasda akademik Vahid Hacıyevin 90 illik, Genetik Ehtiyatlar İnstitutunun elmi işlər üzrə direktor müavini, biologiya üzrə elmlər doktoru Naib Əminovun 80 illik, Zoologiya İnstitutunun Tətbiqi zoologiya mərkəzinin müdiri, biologiya üzrə fəlsəfə doktoru Barat Əhmədovun və həmin institutun Quru onurğalıları laboratoriyasının baş elmi işçisi, biologiya üzrə elmlər doktoru Sücəddin Quliyevin 70 illik yubileyləri ilə bağlı müvafiq qərarlar qəbul olunub.

     Tədbirdə bölmənin elmi müəssisələrində 2017/2018-ci il üçün fəlsəfə və elmlər doktoru hazırlığı üzrə dissertanturaya, elmlər doktoru hazırlığı üzrə isə doktoranturaya qəbulun nəticələri də müzakirə olunub.

     Sonda bir sıra kadr məsələlərinə baxılıb.