Martın 2-də AMEA Botanika İnstitutunda Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının yeni “Botaniklər” ərazi ilk partiya təşkilatı təsis olundu.
Təsis yığıncağında AMEA Botanika İnstitutunun direktoru, akademik Validə Əlizadə, YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı, iqtisad elmləri doktoru, prof. Şəmsəddin Hacıyev və Botanika İnstitutunun YAP üzvü olan əməkdaşları iştirak etdilər.
Yığıncağı açıq elan edərək, qonaqları salamlayan prof. Validə Əlizadə banisinin Ulu Öndər Heydər Əliyev olduğu Yeni Azərbaycan Partiyasının müstəqil Azəbaycanın ictimai-siyasi həyatındakı əvəzolunmaz rolu və misilsiz xidmətlərindən danışdı. Qeyd etdi ki, istər Ümummilli Lider Heydər Əliyevin, istərsə də cənab İlham Əliyevin prezidentlikləri dövründə AMEA dövlət siyasəti səviyyəsində daima qorunmuş, elmimizin milli inkişaf strategiyası uğurla reallaşdırılmışdır. Özünün də 1970-ci illərdə Heydər Əliyev tərəfindən SSRİ ali məktəblərində təhsil alması üçün xaricə göndərilən gənclərdən biri olduğunu vurğulayan V.Əlizadə elmimizə və təhsilimizə bu yüksək diqqət siyasətininin bu gün də cənab İlham Əliyev tərəfindən yeni keyfiyyət müstəvisində uğurla davam etdirilməsindən, eləcə də gənclərimizin yüksək səviyyədə təhsil alması və xarici ölkə təcrübələri ilə tanış olmaları üçün Azərbaycanda çoxsaylı imkanların mövcudluğundan məmnunluqla bəhs etdi. Direktor Botanika İnstitutu əməkdaşlarının bu gündən etibarən YAP sıralarında ölkəmizin və Səbail rayonunun ictimai-siyasi həyatında daha da yaxından iştirak edəcəyinə dair əminliyini ifadə etdi.
AMEA-nın Botanika İnstitutunun rəhbərliyi və kollektivini bugunkü təsis yığıncağı münasibətilə ürəkdən təbrik edən YAP Səbail rayon təşkilatının sədri Ş.Hacıyev bildirdi ki, hər bir qurumda Yeni Azərbaycan Partiyasının ərazi ilk partiya təşkilatının təsis olunması xüsusi əlamətdar hadisə olmaqla, qurum üçün unudulmaz tarixi gün və yeni səhifə deməkdir. Rayon partiya təşkilatının sədri Botanika İnstitutunun bugünə kimi şərəfli inkişaf yolu keçdiyini vurğulayaraq bildirdi ki, burada tarix boyu görkəmli alimlər fəaliyyət göstərib, bu gün də burada böyük elmi araşdırmalar davam edir. Validə Əlizadənin timsalında botanika sahəsində xaricdə tanınan, Azərbaycan cəmiyyətində xüsusi yeri və çəkisi olan elm fədailərinin YAP sıralarına daxil olmasından son dərəcə məmnun olduğunu qeyd edən deputat Botanika İnstitutunun bütün kollektivinə cansağlığı, elmi və siyasi fəaliyyətlərində daha da böyük nailiyyətlər arzuladı.
Azərbaycanı gələcəkdə daha böyük hədəflərin gözlədiyini vurğulayan Ş.Hacıyev əminliyini ifadə etdi ki, 11 aprel tarixində keçiriləcək Prezident seçkilərində xalqımız yenə yekdilliklə etibarlı gələcəyimizə səs verərək, Yeni Azərbaycan Partiyasının vahid namizədini dəstəkləyəcəklər.
Sonra “Botaniklər” ərazi ilk partiya təşkilatı təsis olundu, təşkilatın İdarə heyətinin üzvləri, sədri və müavini seçildi.
“Botaniklər” ərazi ilk partiya təşkilatının yeni seçilmiş sədri, Botanika İnstitutunun direktor müavini İmran Babayev ona göstərilən yüksək etimada görə təşəkkür edərək, kollektivin və partiyanın tapşırıqlarını yüksək məsuliyyətlə yerinə yetirəcəyinə söz verdi.
Yığıncaq YAP Səbail rayon təşkilatı və AMEA-nın Botanika İnstitutu arasında gələcək əməkdaşlıq planlarının müzakirəsi ilə davam etdi.