Arxiv
Biologiya və Tibb Elmləri Bölməsinin iclasında bir sıra məsələlər müzakirə olunub
27.04.2018

     Aprelin 26-da AMEA Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) növbəti iclası keçirilib.

     Tədbirdə bölmənin büro üzvləri, BTEB-in tərkibinə daxil olan elmi müəssisələrin rəhbərləri, bölmə üzrə AMEA-nın professorları və aidiyyatı məsələlər üzrə dəvət olunmuş əməkdaşlar iştirak ediblər.

     Əvvəlcə bölmənin akademik-katibi, akademik Əhliman Əmiraslanovgündəlikdəki məsələləri diqqətə çatdırıb.

     Elmi-təşkilati məsələlərdən ilk olaraq AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun şəbəkə infrastrukturunun modernləşdirilməsi məsələsinə baxılıb. AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunundirektoru, akademik Rasim Əliquliyev təqdimatla çıxış edərək Akademiya üzrə e-elmin formalaşması istiqamətləri, AzScienceNet şəbəkəsinin GÉANT şəbəkə infrastrukturuna inteqrasiyası haqqında məlumat verib, Genetik Ehtiyatlar İnstitutunda e-elmin vəziyyətindən, şəbəkə infrastrukturunun modernləşdirilməsindən, imkanlar və perspektivlərdən danışıb.

     Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov rəhbərlik etdiyi qurumun şəbəkə infrastrukturunun modernləşdirilməsini yüksək qiymətləndirib, İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşlarının bu işdə xidmətlərinin böyük olduğunu deyib. Z.Əkpərov bu istiqamətdə tədbirlərin davam etdiriləcəyini də vurğulayıb.

     Sonra bölmənin 2013-2017-ci illər üzrə elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarına dair hesabat məruzəsi müzakirə edilib. Müzakirədən sonra hesabatın Rəyasət Heyətinə təqdim edilməsi qərara alınıb.

     Gündəlikdə yer alan növbəti məsələ BTEB-in elmi müəssisələrində 2018-ci il üçün doktoranturaya və dissertanturaya qəbul planı ilə bağlı olub. Bildirilib ki, bu il fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya 15 nəfər qəbul olunub. Müzakirələrdən sonra təkliflər səsləndirilib, müvafiq qərarlar qəbul edilib.

      Tədbirdə Genetik Ehtiyatlar İnstitutunun Molekulyar sitogenetika şöbəsinin müdiri, biologiya üzrə elmlər doktoru Naib Əminov 80, Zoologiya İnstitutununTətbiqi zoologiya mərkəzinin müdiri, biologiya üzrə fəlsəfə doktoru Barat Əhmədov 70, Zoologiya İnstitutunun Quru onurğalıları laboratoriyasının baş elmi işçisi, biologiya üzrə elmlər doktoru Sücəddin Quliyev 70 illik yubileyləri ilə əlaqədar BTEB-in Fəxri Fərmanları ilə təltif ediliblər. İclasda, həmçinin AMEA-nın müxbir üzvü Sudeif İmamverdiyevin 80, Mərkəzi Nəbatat BağınınÖrtülü şəraitdə becərilən bitkilər laboratoriyasının baş elmi işçisi, professor Arif Bayramovun 80, Mərkəzi Nəbatat Bağının Çiçəkçilik laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru Asəf İsgəndərovun 75, Fiziologiya İnstitutununelmi katibi, biologiya üzrə fəlsəfə doktoru Zemfira Cəfərovanın isə 85 illik yubileylərinin qeyd olunması məsələlərinə baxılıb.

     Bundan əlavə, iclasda Genetik Ehtiyatlar və Zoologiya institutlarının strukturunda dəyişikliklər edilməsi ilə bağlı AMEA-nın Rəyasət Heyəti qarşısında vəsatət qaldırılması qərara alınıb.