Arxiv
Mərkəzi Nəbatat Bağında qızılgül sortları sərgisinın açılışı olub
30.05.2018

     Mayın 29-da AMEA Mərkəzi Nəbatat Bağında qızılgül kolleksiyasında olan və seleksiya üsulu ilə əldə edilmiş qızılgül sortları sərgisinın açılışı olub.

     İki gün davam edəcək sərginin təşkilinin əsas məqsədi Azərbaycanda botanika elminin təbliği, bu sahədə əldə edilmiş nailiyyətlərin nümayişi, gənclərə təbiətə sevgi və diqqət hislərini aşılamaq, o cümlədən qızılgül həvəskarlarını yeni sortlarla tanış etməkdir. 

     Tədbirdə Mərkəzi Nəbatat Bağının Çiçəkçilik laboratoriyasının rəhbəri, sərginin kuratoru, biologiya üzrə fəlsəfə doktoru Asəf İsgəndərov sərginin əhəmiyyətindən danışıb. Alim uzun illərdir ki, qızılgül sortlarının yetişdirilməsi ilə məşğul olduğunu, bu istiqamətdə müsbət nəticələr əldə etdiyini diqqətə çatdırıb.

     Mərkəzi Nəbatat Bağının qızılgül növlərinin öyrənilməsi sahəsində çoxillik və zəngin təcrübəyə malik olduğunu deyən alim burada dünyanın müxtəlif ölkələrindən qızılgüllərin introduksiyası, yerli sortlarla hibridləşdirilməsi və seleksiyası üsulları ilə bağlı mühüm elmi-tədqiqat işlərinin aparıldığını bildirib. Qeyd edib ki, indiyədək laboratoriyada xarici ölkələrdən gətirilən 560-dan çox qızılgül sortu introduksiya edilib, yəni yerli şəraitə uyğunlaşdırılıb. Bu qızılgül sortları ABŞ, Almaniya, Böyük Britaniya, Fransa, Hollandiya, Rusiya və s. ölkələrin kultivarları olmaqla müxtəlif illərdə laboratoriyanın əməkdaşları introduksiya edilib.

     A.İsgəndərov hər il kolleksiyaya yeni sortların əlavə olunduğunu vurğulayıb. 

     Sonra sərgiyə baxış keçirilib. Sərgidə nümayiş etdirilən qızılgül sortları iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

www.science.az