Arxiv
Azərbaycan Botaniklər Cəmiyyətinin Ümumi yığıncağı keçirildi
20.06.2018

      AMEA-nın Əsas binasında Azərbaycan Botaniklər Cəmiyyətinin Ümumi yığıncağı keçirildi. Respublika botaniklərinin iştirakı ilə keçirilən tədbirdə Cəmiyyətin idarə heyəti seçildi və Nizamnaməsinin II redaksiyasına dəyişikliklər layihəsi təqdim olundu.

     Yığıncaqda AMEA Botanika İnstitutunun direktoru, akademik Validə Əlizadə yekdilliklə Azərbaycan Botaniklər Cəmiyyətinin prezidenti seçildi.

     Səsvermə yolu ilə akademik Tariyel Talıbov, AMEA-nın müxbir üzvləri Maqsud Qurbanov, Vaqif Novruzov Cəmiyyətin vitse-prezidentləri və  AMEA-nın professoru, b.ü.e.d. Dilzarə Ağayeva məsul katibi təyin olundular.

     Sonda Azərbaycan Botaniklər Cəmiyyətinin regionlar üzrə elmi əlaqələrin inkişafı, yüksəkixtisaslı kadr hazırlığı, botanika elminin təbliği və bioloji müxtəlifliyin qorunması üzrə fəaliyyətinin gücləndirilməsi müzakirə olundu.