Arxiv
AMEA-da magistrantların Bilik Günü qeyd edilib
17.09.2018

     Sentyabrın 17-də "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzində Bilik Günü münasibətilə tədbir keçirilib.
   Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə respub-likanın ali elm ocağının magistrantlarını əlamətdar gün münasibətilə təbrik edib, onlara gələcək elmi fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.
   Akademik Akif Əlizadə diqqətə çatdırıb ki, yüksəkixtisaslı kadr hazırlığı sahəsində elm və təhsilin səmərəli şəkildə inteqrasiyasına nail olmaq, ölkəmizin yüksəkixtisaslı mütəxəssislərə və elmi kadrlara artan tələbatını ödəmək məqsədilə ölkə rəhbərliyinin dəstəyi sayəsində AMEA-nın tarixində ilk dəfə 2015-ci ildə ali təhsilin magistratura pilləsi yaradılıb və bir sıra prioritet ixtisaslar üzrə qəbul həyata keçirilir: "Əsas məqsəd gəncləri elmi mühitə cəlb etmək, onların elmi təfəkkürünü artırmaqdır. Bu gənclər AMEA-nın elmi gələcəyini təyin edən alimlərdir".
     A.Əlizadə qeyd edib ki, 2015/2016-cı tədris ili üçün magistraturaya 19, 2016/2017-ci tədris ili üçün 19 ixtisas üzrə 56, cari ildə isə 67 tələbə qəbul olunub. Bu da gənclərin AMEA-nın magistratura pilləsində təhsil almalarına marağın getdikcə artdığının bariz nümunəsidir.
     AMEA rəhbəri akademiyada təhsil alan magistrantların elmi laboratoriyalarda təcrübə keçəcəklərini, elmin son nailiyyətləri ilə tanış olacaqlarını, müasir və perspektivli mövzulara həsr olunan dissertasiyalar müdafiə edəcəklərini və görkəmli alimlərlə ünsiyyət quracaqlarını bildirib. O, həmçinin AMEA-da magistrantların elmlə məşğul olmaları üçün hər cür şəraitin yaradıldığını qeyd edib.
     Sonra AMEA-nın magistraturasına qəbulun nəticələri barədə Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinin rəisi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov çıxış edib. O, 2018-2019-cu tədris ili üçün akademiyanın magistraturasına 19 ixtisas, 49 ixtisaslaşma üzrə 67 nəfərin daxil olduğunu bildirib. Cari ildə AMEA-nın magistraturasında təhsil almaq üçün müsahibədə ümumilikdə 1124 bakalavrın iştirak etdiyini deyən Ə.Sadıqov qəbul olunan tələbələrdən 13-ün 112-dən yükək bal topladığını diqqətə çatdırıb.
     Ə.Sadıqov AMEA-da magistr təhsilinin təşkilini elm və təhsilin inteqrasiyası istiqamətində əldə olunan mühüm nailiyyətlərdən biri kimi dəyərləndirib. Gənclərin Akademiyaya, elmə marağının artdığını qeyd edən idarə rəisi keçirilən müsahibə zamanı bir plan yerinə ən çox sənəd verilən müəssisənin Genetik Ehtiyatlar İnstitutu və qəbul zamanı ən yüksək nəticə göstərən magistrantın isə İdarəetmə Sistemləri İnstitutundan olduğunu deyib.
     Alim, həmçinin bu il ilk dəfə olaraq rus və Azərbaycan dillərində AMEA-nın magistraturasına qəbulun ayrılıqda elan edildiyini bildirib.
    Sonra çıxış edən magistrantlar elmi fəaliyyətlərini uğurla davam etdirmələri üçün bütün qüvvələrini səfərbər edəcəklərini söyləyib, yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər.
     Sonda AMEA-nın magistrantı adını qazanmış gənclərə magistr biletləri, qiymət kitabçaları və hədiyyələr təqdim edilib.

http://science.gov.az/news/open/8676