Bu gün, YAP Səbail rayon “Botanik” ərazi ilk partiya təşkilatında (AMEA-nın Botanika İnstitutu) 18 Oktyabr – Dövlət Müstəqilliyi Günü münasibətilə yığıncaq keçirildi. Yığıncaqda Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri, iqtisad elmləri doktoru prof. Şəmsəddin Hacıyev və Botanika İnstitutunun direktoru akademik Validə xanım Əlizadə iştirak etdilər.
İlk öncə, Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 27-ci ildönümünə həsr olunmuş videofilm nümayiş olundu.
Yığıncaq iştirakçılarını salamlayan akademik Validə Əlizadə XX əsrin 90-cı illərində Azərbaycanın dövlət müstəqilliyinin bərpasını yeni siyasi tariximizin ən əlamətdar və mühüm hadisəsi olaraq qiymətləndirdi. Dövlət müstəqilliyimizin möhkəmləndirilməsi və əbədiləşdirilməsində Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri və əvəzolunmaz rolu haqqında danışan akademik qeyd etdi ki, Ümummilli Liderimizin əsasını qoyduğu uzaqgörən siyasət və bu siyasi kursu uğurla davam etdirən ölkə başçısı cənab İlham Əliyevin praqmatik idarəçiliyi nəticəsində bu gün müasir və müstəqil Azərbaycan dövləti dinamik şəkildə inkişaf edir, xalqımızın rifahı ildən-ilə daha da yaxşılaşır. Bildirildi ki, Azərbaycan xalqının milli maraqlarına xidmət edən bu siyasəti dəstəkləmək və ölkəmizdə mövcud olan xalq-iqtidar birliyinin daimiliyini təmin etmək hər birimizin vətənpərvərlik borcumuzdur.
Çıxış edən prof. Şəmsəddin Hacıyev XX əsrin sonlarında respublikamızda milli özünəqayıdış hərəkatının başlanması, SSRİ kimi fövqəldövlətin dağılması nəticəsində dövlət müstəqilliyimizin bərpa olunmasının ilk illərində Azərbaycanda gedən son dərəcə gərgin, mürəkkəb və ziddiyyətli proseslər, ictimai-siyasi həyatın bütün sahələrini əhatə edən dərin siyasi-iqtisadi böhran, torpaqlarımızın bir hissəsinin işğal olunmasının respublikadakı vəziyyəti daha da acınacaqlı etməsi, Ulu Öndər Heydər Əliyevin belə bir çətin anda xalqın təkidi ilə ölkə rəhbərliyinə gəlməsi, Azərbaycanı tənəzzüldən qurtuluş yoluna çıxarması və respublika üçün ən taleyüklü məqamlarda müstəqilliyimizi qoruyub saxlayaraq xilaskarlıq missiyasını böyük cəsarət və fədakarlıqla yerinə yetirməsi haqqında ətraflı danışdı.
Müstəqilliyin hər bir insan və hər bir dövlət üçün ən böyük dəyər olduğunu vurğulayan millət vəkili diqqətə çatdırdı ki, bu gün dünyada 5 minə yaxın millət olsa da, BMT-nin üzvü olan sadəcə 195 dövlət var ki, bu dövlətlərin də müasir qloballaşan dünyada müstəqilliyi bir qədər nisbi xarakter daşıyır, çünki bütün dövlətlər istər siyasi, istərsə iqtisadi cəhətdən bir-birindən ciddi şəkildə asılıdırlar. Qeyd olundu ki, hətta beynəlxalq inteqrasiya bloklarında belə bu gün böyük və kiçik dövlətlər daha çox müstəqillik əldə etmək üçün çalışırlar. Sözün əsl mənasında müstəqillik isə hər dövlətə nəsib olmur, çünki siyasi cəhətdən müstəqil olmaq üçün dövlət hər şeydən öncə iqtisadi cəhətdən müstəqil olmalıdır, dövlətin ərazisinin və əhalisinin təhlükəsizliyini təmin etmək üçün güclü ordusu olmalıdır, müstəqil siyasət yürütməyə qadir olmalıdır və s. Ulu Öndər Heydər Əliyev Azərbaycanın məhz bu mənalarda müstəqil olması üçün ölkəyə rəhbərlik etdiyi 1993-2003-cü illər ərzində möhkəm siyasi və iqtisadi təməllər formalaşdırdı, Azərbaycanın müstəqilliyinin əbədi və dönməz olması üçün davamlı və dayanıqlı inkişafı təmin edən siyasi kurs müəyyənləşdirdi, bütün sosial-iqtisadi sahələrdə əsaslı və sistemli islahatlar həyata keçirdi, keçid dövrünün problemlərini həll etdi və Azərbaycan tənəzzüldən inkişaf, tərəqqi yoluna qədəm qoydu.
Azərbaycanın müstəqil dövlətçiliyinin bu gün də etibarlı əllərdə olduğunu qeyd edən Ş.Hacıyev möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə son 15 il ərzində ölkə daxilində və beynəlxalq səviyyədə əldə olunan uğurlar, Azərbaycanda müşahidə olunan dinamik iqtisadi tərəqqi, ölkədə həsəd aparacaq dərəcədə yüksək səviyyədə təmin olunmuş ictimai-siyasi sabitlik və gündən-günə daha möhkəmlənən xalq-iqtidar-ordu birliyi haqqında geniş məlumat verdi. Deputat diqqətə çatdırdı ki, hazırda dünyada fərqli inkişaf səviyyəsinə malik ölkələr arasında yüzlərlə problem mövcuddur, Avropa kimi nəhəng qitə BREXİT məsələsi və miqrantlarla bağlı problemlər qarşısında aciz qalıb, ABŞ-ın Azərbaycanın yaxın qonşusu olan dövlətlərə – İrana, Türkiyəyə, Rusiyaya qarşı gündən-günə sərtləşdirdiyi sanksiyalar nəticəsində bu ölkələrdə gedən devalvasiya prosesləri, ticarət müharibələri yaxın coğrafiyamızda geoiqtisadi vəziyyəti ildən-ilə daha da mürəkkəbləşdirir. Lakin, bütün bunlara baxmayaraq, Azərbaycan öz inkişaf yolunu uğurla davam etdirir və iqtisadi, hərbi gücünü artırır. Millət vəkili bildirdi ki, bu yaxınlarda növbəti ilin büdcəsi təsdiqlənəcək, hər il olduğu kimi, bu il də optimal hesablanmış büdcəmiz sosial və investisiya yönümlülüyünü qoruyacaq. Elə büdcə rəqəmlərinə baxsaq, ölkəmizdəki iqtisadi inkişafın və dinamik artımın rəqəmsal ifadəsini görmək mümkündür. Neftin dünya qiymətlərinin yüksəlməsi bizim milli gəlirimizi daha da yüksəldir, ölkənin strateji valyuta ehtiyatı $45 mlrd. dollardan çoxdur, hər il ölkəmizə milyard dollarlar məbləğində xarici investisiya qoyuluşu həyata keçirilir, bütün bu rəqəmlər Azərbaycandakı iqtisadi sabitliyin qarantıdır. Qeyd olundu ki, yeganə problemimiz Dağlıq Qarabağ münaqişəsi və Azərbaycanın 7 rayonunun işğal altında olmasıdır. Əminik ki, Ali Baş Komandanımızın, ölkə rəhbəri cənab İlham Əliyevin apardığı düşünülmüş və məqsədyönlü siyasət nəticəsində bu ağrılı problemimizi də yaxın gələcəkdə həll edəcəyik. Ş.Hacıyev vurğuladı ki, müstəqil dövlətçiliyimiz əbədidir, dönməzdir, etibarlı əllərdədir və Azərbaycanı gələcəkdə daha böyük uğurlar, qələbələr gözləyir.
Sonda, Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olunmuş AMEA-nın Botanika İnstitutunun bir qrup əməkdaşına partiya üzvlük vəsiqələri təqdim olundu. Vəsiqə alan institut əməkdaşlarını ürəkdən təbrik edən Ş.Hacıyev qeyd etdi ki, Azərbaycan xalqı üçün xüsusi əhəmiyyət kəsb edən əlamətdar və tarixi gün – 18 oktyabr ərəfəsində YAP üzvlük vəsiqəsini almaq partiya üzvü üçün böyük və yaddaqalan hadisədir. Deputat hazırda sıralarında 710 mindən çox partiya üzvünü birləşdirən YAP-ın respublikamızda həyata keçirilən bütün işlərdə özünəməxsus yeri və rolu olduğunu diqqətə çatdırdı və əminliyini ifadə etdi ki, partiyamızın Lideri, ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə qələbələr partiyası olan YAP bundan sonra da böyük uğurlara imza atacaqdır.