Arxiv
Gəncədə “Akademik Cəlal Əliyevin elmi irsini öyrənirik ” mövzusunda elmi-praktik konfrans keçirilib
28.09.2018

     28 sentyabr 2018-ci il tarixində görkəmli alim, tanınmış ictimai xadim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimi, biologiya elmləri doktoru, professor Cəlal Əlirza oğlu Əliyevin anadan olmasının 90 illiyi ilə əlaqədar Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “ Akademik Cəlal Əliyevin elmi irsini öyrənirik ” mövzusunda elmi-nəzəri konfrans keçirilib.

     Konfransı giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü, Gəncə Aqrar Universitetinin rektoru, professor İbrahim Cəfərov akademik Cəlal Əliyevin biologiya elminin inkişafına verdiyi töhfələrdən, kənd təsərrüfatı bitkilərinin, əsasən buğdanın fotosintetik məhsuldarlığının nəzəri əsaslarının öyrənilməsində, fotosintez və fototənəffüs proseslərini kompleks şəkildə tədqiq edilməsində göstərdiyi xidmətlərdən danışıb. Rektor qeyd edib ki, akademik Cəlal Əliyev yüksək dən keyfiy­yətinə və məhsuldarlığa malik, Azərbaycanın buğda əkini sahəsinin böyük hissəsini təşkil edən, Türkmənistan, Özbəkistan və Gürcüstanda yaxşı nəticə­lər verən buğda sortlarını yaradıb, Azərbaycanda bitki genetik ehti­yatları üzrə Milli Proqram və biomüxtəlifliyin qorunması və səmərəli istifadəsi strategiya­sını işləyib hazırlayıb, Bitki Genbankı yaratmış, “Azərbaycanın Qırmızı kitabı” nəşrinin baş redakto­ru olub. Onun yaratdığı elmi məktəbin nümayəndələri nəinki Azərbaycanda, hətta dünyanın bir çox ölkələrində, o cümlədən MDB, ABŞ, Kanada, Yaponiya, Cənubi Koreya, Avstraliya, İsrail və Avropada aqrar elmin inkişafına töhfələr verirlər.

     Konfransda AMEA-nın Molekulyar Biologiya və Biotexnologiya İnstitutunun geniş tərkibli heyəti iştirak edib. İnstitutun elmi işlər üzrə direktor müavini dosent Ələmdar Məmmədov, ümumi işlər üzrə direktor müavini Natiq Allahverdiyev və institutun digər əməkdaşları b.ü.f.d. İbrahimova Ülkər, b.ü.f.d. Qurbanova Ulduzə, Abdullayeva Gülnar, Bayramova Nərgiz, Əlisoy Fidan, Sadıqova Elnarə, Qənbərova Pərvin iştirak ediblər. Ələmdar Məmmədov konfransda çıxış edərək akademik C.Ə.Əliyevin elmi irsinin qorunub saxlanması, davamlı inkişafı və öyrənilməsinin gənclərə əhəmiyyətini xüsusilə vurğuladı və bu istiqamətdə AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İ.M.Hüseynovanın rolunu xüsusilə qeyd etmişdir.

     Konfransda ADAU ilə yanaşı, AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu, Botanika İnstitutu, Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu, Zoologiya İnstitutu, Genetik Ehtiyatlar İnstitutu, Torpaqşünaslıq və Aqrokimya İnstitutu, Neft-Qaz İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Əkinçilik Elmi Tədqiqat İnstitutu, Bakı Dövlət Universitetini təmsil edən 50-dən çox gənc tədqiqatçının məruzəsi dinlənilənilib.

http://imbb.az/az/news/115