Arxiv
AMEA və “Caspian European Club”un birgə biznes-forumu keçirilib
02.11.2018

     AMEA və "Caspian European Club"un təşkilatçılığı ilə biznes-forum keçirilib.

     "Holiday İnn" otelində baş tutan tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə, AMEA-nın vitse-prezidentləri, akademiklər - İbrahim Quliyev, Dilqəm Tağıyev, AMEA Strateji Elmi Tədqiqatlar Mərkəzinin direktoru, siyasi elmlər doktoru Fətəli Abdullayev, Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin rəisi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov, İqtisadiyyat İnstitutunun direktoru, iqtisad üzrə elmlər doktoru, professor Nazim İmanov, "AMEA Yüksək Texnologiyalar Parkı" MMC-nin direktoru, iqtisad üzrə fəlsəfə doktoru Nazim Şükürov, dövlət və özəl şirkətlərin rəhbərləri, eləcə də bir sıra diplomatik qurumların və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

     Forumu "Caspian European Club"un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev açaraq tədbirin keçirilməsində əsas məqsəd ölkəmizdə elm və biznes arasında dialoqun genişləndirilməsi ilə bağlı məsələlərin müzakirəsi olduğunu bildirib. O, daha sonra təmsil etdiyi qurum barədə tədbir iştirakçılarına məlumat verib. Bildirib ki, klub 2002-ci ilin iyun ayında "Caspian Energy İnternational Media Group"un fəal iştirakı və Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi ilə təsis edilib.

     T.Əliyev klubun dünyanın 70 ölkəsindən 5 mindən artıq şirkəti özündə birləşdirdiyini, Xəzər-Qara dəniz və Baltik regionunda fəaliyyət göstərən ən nəhəng və dinamik inkişaf edən təşkilat olduğunu söyləyib.

     O, qurumun əsas hədəflərinin neft sahəsində əldə olunan gəlirlərin qeyri-neft sektorunun inkişafına cəlb edilməsi, əlverişli investisiya və biznes mühitinin yaradılmasını şərtləndirən proqram və təkliflərin həyata keçirilməsi, dövlət qurumları ilə özəl sektor arasında dialoqun dəstəklənməsi və digər məsələlər olduğunu bildirib.

     Sonra AMEA-nın prezidenti, akademik Akif Əlizadənin çıxışı dinlənilib. Akademik 70 ildən artıqdır mövcud olan AMEA-nın SSRİ dövründə yalnız fundamental və tətbiqi elmlərin inkişafı ilə məşğul olduğunu söyləyib. Bildirib ki, Azərbaycan öz müstəqilliyini qazandıqdan və ulu öndər Heydər Əliyev respublikada ikinci dəfə hakimiyyətə gələndən sonra elmimiz özünün inkişafının yeni mərhələsinə qədəm qoyub.

     Azərbaycan elminin bizneslə əlaqə yaratması istiqamətində uzun müddətdir işlərin aparıldığını deyən A.Əlizadə bu çərçivədə görüşün ilk dəfə təşkil olunduğunu diqqətə çatdırıb.

     O, ölkə başçısının 8 noyabr 2016-cı il tarixli Sərəncamı ilə AMEA Yüksək Texnologiyalar Parkının (YT Park) yaradıldığını deyib. Akademik YT Parkın yaradılmasını Azərbaycan elmi üçün tarixi hadisə adlandırıb və MDB akademiyaları arasında bu səviyyədə yeganə sənayə parkı olduğunu deyib. Alim YT Parkın elmtutumlu, idxaləvəzedici, ixracyönümlü, rəqabətədavamlı məhsulların istehsalı, o cümlədən müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsi məqsədilə yaradıldığını vurğulayıb.

     A.Əlizadə parkda biznes nümayəndələri üçün vergi və gömrük güzəştləri, eləcə də xüsusi imtiyazların olduğunu, elmin imkanlarının kommersiyalaşdırılması məqsədilə bütün şəraitlə təmin edildiyini söyləyib: "Hazırda YT Parkda dünya standartlarına cavab verən 70 adda yağ və sürtkü məhsulları, o cümlədən müalicəvi Naftalan yağı, zirehli jiletlər, pilotsuz uçuş aparatları istehsal olunur. Parkın 11 rezidentindən dördü güc strukturları ilə sıx əməkdaşlıq edir".

     AMEA prezidenti forumun Azərbaycan elmi ilə yerli və xarici biznes nümayəndələri arasında körpü rolunu oynayacağını, alimlərimiz qarşısında yeni vəzifələr qoyacağını söyləyib.

     Forumda, həmçinin akademik Dilqəm Tağıyev, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov, professor Nazim İmanov, iqtisad üzrə fəlsəfə doktoru Nazim Şükürov və "Millers Oils Azerbaijan" MMC-nin direktoru, texnika elmləri üzrə fəlsəfə doktoru Sənan Abdullayev çıxış edərək forumun önəminə toxunub, innovasiyaların həyata keçirilməsində biznesin əsas faktor olduğunu söyləyiblər. Qeyd olunub ki, biliklər iqtisadiyyatına keçid Azərbaycan elmi qarşısında mühüm vəzifələr qoyub və AMEA YT Parkın yaradılması bu vəzifələrin öhdəsindən gəlməkdə, elmin kommersiyalaşdırılmasında, respublikada yüksək texnologiyaların inkişafında önəmli rol oynayacaq. Bundan əlavə, YT Parkda gələcəkdə robototexnika sahəsində tədqiqatların aparılmasının nəzərdə tutulduğu da vurğulanıb.

     Çıxışlardan sonra Telman Əliyev akademik A.Əlizadəyə "Caspian European Club"unun Fəxri üzvü sertifikatını təqdim edib.

     Eyni zamanda A.Əlizadə "Caspian European Club"a yeni üzv olan və üzvlüyünü davam etdirən "Barattson" və "Azlegal Consulting İnternational Services Ltd" şirkətlərinin nümayəndələrinə klub üzvlüyü sertifikatlarını verib.

     Sonda "Caspian European Club" və "AMEA Yüksək Texnologiyalar Parkı" MMC arasında əməkdaşlığa dair memorandum imzalanıb. Sənədi klubun baş icraçı direktoru Telman Əliyev və AMEA YT Parkın direktoru Nazim Şükürov imzalayıblar.