Gəncə Dövlət Universitetinin (GDU) Botanika kafedrasının müdiri, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü Vaqif Novruzov Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 31 oktyabr 2018-ci il tarixli Sərəncamı ilə “Tərəqqi” medalına layiq görülüb.
O, bu mükafatla Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə təltif edilib.
Qeyd edək ki, V.Novruzov Qafqazda ilk dəfə nadir və məhv olma təhlükəsində qalan şibyə və mamırların mühafizəsi üçün tədbirlər sistemini işləyib hazırlayıb. Elmə məlum olmayan 15 şibyə növünün ilk dəfə botaniki təsviri onun tərəfindən dünya florasına daxil edilib.
V.Noruzov AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Heyvan və bitki növləri üzrə Komissiyasının, AR Botanika Cəmiyyətinin, Azərbaycan Dövlət Aqrar Universiteti nəzdindəki Dissertasiya Şurasının, AMEA-nın Gəncə Bölməsinin və GDU-nun “Xəbərlər” məcmuələrinin redaksiya heyətinin, eləcə də Azərbaycanın “Qırmızı kitabı”nın (II cildlik) yeni nəşrinin redaksiya heyətinin üzvüdür.