AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bionanotexnologiyalar laboratoriyasının və Rusiya Elmlər Akademiyası (REA) K.A.Timiryazev adına Fiziologiya İnstitutunun İdarə olunan fotobiosintez laboratoriyasının müdiri, REA-nın Fundamental Bioloji Problemlər İnstitutunun baş elmi işçisi, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin professoru Süleyman Allahverdiyev bu il Rusiyada və xaricdə elmin inkişafındakı xidmətlərinə görə biologiya sahəsində ən çox istinad olunan alim kimi “Scopus Awards” mükafatına layiq görülüb.
Qeyd edək ki, “Scopus Awards” mükafatı 2004-cü ildə mühüm elmi-texniki nailiyyətlərlə bağlı məlumatların nəşri ilə məşğul olan “Elsevier” şirkəti tərəfindən təsis edilib. “Scopus” elmi nailyyətlərin ən obyektiv göstəricisi hesab olunur. Elmin inkişafına hər bir alimin töhfəsi onun nəşr etdirdiyi elmi məqalələrin sayı və beynəlxalq kütləvi informasiya vasitələrində istinad indeksi ilə müəyyən olunur. Namizədlərin seçilməsi üçün “Scopus” verilənlər bazasında 11 elm sahəsi üzrə analizlər aparılır və hər bir elm sahəsi üzrə 2015-2018-ci illərdə “Scopus” bazasında indeksləşmiş nəşrlərin sayı, istinadların orta sayı, istinad indeksi nəzərə alınır. Bu mükafat Latın Amerikasında, Asiyada, Avropada, 2011-ci ildən isə Rusiyada ən çox nəşr edilən və istinad olunan müəlliflərə verilir.