Dekabrın 6-da AMEA Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) növbəti büro iclası keçirilib.
Əvvəlcə bölmənin akademik-katibi, akademik Əhliman Əmiraslanov iştirakçılara gündəlikdəki məsələlər barədə məlumat verib.
Daha sonra Mikrobiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Pənah Muradovun "Göbələk mənşəli bioloji aktiv maddələr: produsentlər, sintezi, tətbiq sahələri və perspektivləri" mövzusunda məruzəsi dinlənilib. Müzakirələrdən sonra məruzənin Rəyasət Heyətinin iclasına təqdim olunması barədə qərar qəbul edilib.
İclasda AMEA-nın Ümumi Yığıncağının "AMEA Rəyasət Heyətinin 2017-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti və qarşıda duran vəzifələr haqqında" 8 iyun 2018-ci il tarixli qərarında göstərilən tapşırıqların icra vəziyyəti müzakirə olunub. Bildirilib ki, bu istiqamətdə tədbirlər planına uyğun olaraq müvafiq işlər görülüb, digər qurumlarla layihələr hazırlanıb.
Gündəlikdə yer alan növbəti məsələ AMEA Rəyasət Heyətinin "AMEA və Kənd Təsərrüfatı Nazirliyi arasında bağlanmış 27 sentyabr 2018-ci il tarixli "Niyyət Sazişi"ndən irəli gələn bəzi təxirəsalınmaz tədbirlərin görülməsi haqqında" müvafiq qərarın icra vəziyyəti ilə bağlı olub. Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov bölmənin elmi müəssisələrində bu istiqamətdə həyata keçirilən tədbirləri diqqətə çatdırıb.
Tədbirdə, həmçinin BTEB-in və müvafiq institutların veb-saytlarının mövcud vəziyyəti, AMEA-nın professorlarının bölmənin işində daha fəal iştirakları, universitetlərin BTEB-in elmi müəssisələrindəki baza kafedralarının fəaliyyətləri ilə bağlı müzakirələr aparılıb, müvafiq qərarlar qəbul olunub.